Sabunçu rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon prokurorluğundan və polis idarəsindən Publika.az-a verilən məlumata görə, Kürdəxanı qəsəbə sakini, 1998-ci il təvəllüdlü Ceyhun Zaur oğlu Əliyev özünü yaşadığı evin həyətindəki su çəninin borusundan mələfə ilə asıb.
Sözügedən qəsəbədə yerləşən 113 saylı orta məktəbin 11-ci sinfində təhsil alan Ceyhun Əliyevin meyitini ailə üzvləri aşkar edib.
Baş vermiş olayla bağlı daha ətraflı məlumat almaq məqsədilə Kürdəxanı qəsəbəsinə yollandıq. İlk olaraq Ceyhun Əliyevin təhsil aldığı 113 saylı orta məktəbə baş çəkdik. Adıçəkilən təhsil ocağına daxil olarkən şagirdlər mətbuat nümayəndəsi olduğumuzun fərqinə vardılar və dərhal bizə yaxınlaşıb “Ceyhunla bağlı gəlmisiz?” deyə sual verdilər. Aydın şəkildə görünürdü ki, şagirdlər məktəbli yoldaşlarının intihar etməsindən kədərlənmiş və bunun dəqiq səbəbləri ilə maraqlanırlar. Söhbət zamanı məlum oldu ki, onlar baş vermiş intiharın səbəbini qismən də olsa bilirlər. “Ceyhun özünü qıza görə öldürüb” deyən şagirdlərin sözlərinə görə, məktəbdə artıq hamı bu barədə məlumatlıdır: “Şagirdlərin çoxu bilir ki, o, özünü qıza görə asıb. Ancaq bəzi uşaqlar başqa söz deyirlər. Bunlar doğru deyil. Bizim bildiyimiz qədər, Ceyhun qıza görə özünə qəsd edib”.
Məsələ ilə bağlı məktəb rəhbərliyinin mövqeyini öyrənməzdən öncə təhsil müəssisəsinin həyətində dolaşan digər şagirdlərə yaxınlaşdıq. 11-ci sinif şagirdləri olduqlarını deyən uşaqlar bildirdilər ki, mərhum Ceyhun Əliyev xasiyyətcə sakit biri olub: “O, 11-ci sinifdə oxumasına baxmayaraq, özünü heç son sinif şagirdi kimi aparmırdı. Biz 11-cilər əsasən məktəbdə bir qədər şuluqluq salırıq. Ancaq o, belə olmayıb. Son dərəcə sakit və heç kimlə işi olmayan adam idi. Yazıq, özünü qıza qurban verdi”.
Bundan sonra 113 saylı tam orta məktəbin direktor əvəzi Şinixanım Abbasova ilə söhbətləşdik. “Mən təlim-tərbiyə işləri üzrə direktor müaviniyəm. Lakin direktorumuz yaş həddi ilə əlaqədar olaraq işdən azad olunduğuna görə bu ilin avqust ayının 20-dən müvəqqəti direktor vəzifəsini icra edirəm” deyən Şinixanım Abbasova da Ceyhun Əliyevin tərbiyəli, sakit, dərsə davamiyyətli şagird olduğunu bildirdi: “Hadisədən sonra çoxu çox söz deyə bilər. Biz dəqiq bilmirik ki, nə olub, özünü niyə asıb. Ceyhun dərsə müntəzəm gələn şagirdlərimizdən olub. Onun davamiyyət problemi olmayıb. Bilik səviyyəsi isə orta olub. Bacarıqlı uşaq idi. Əgər istəsəydi, daha yaxşı oxuya bilərdi. Musiqiyə marağı var idi. Qara Qarayev adına Müsiqi Məktəbində təhsil alırdı. Konservatoriyaya hazırlaşırdı. Gözəl qarmon ifa edirdi. O, bütün tədbirlərimizdə iştirak edirdi. Çox mehriban uşaq idi. Təkcə sinif yoldaşları deyil, məktəbin bütün şagirdləri onun xətrini çox istəyirdi”.
Mərhumun 113 saylı orta məktəbin 11 a sinfində təhsil aldığını vurğulayan direktor əvəzi hadisə ilə bağlı məlumat aldıqda dərhal Ceyhun Əliyevin yaşadığı evə yollandıqlarını qeyd etdi: “Xəbər bizə çatan kimi onlara getdik. Valideynləri intiharın səbəbini demədilər. Bircə onu bildirdilər ki, Ceyhun intihar etməzdən öncə məktub yazıb cibinə qoyubmuş. Lakin məktubda nələrin yazıldığını tam açıqlamadılar. Sadəcə bildirdilər ki, Ceyhun həmin məktubda valideynlərinə xitabən «Haqqınızı, mənə çəkdiyiniz zəhməti halal edin. Daha belə yaşaya bilmirəm!” yazıb. Sözün açığı, mən həmin məktubu görməmişəm. Valideynlərindən eşitdiklərimi deyirəm. Bəlkə nəsə gizlədirlər, dəqiq bilmirəm. Bu, hüquq mühafizə orqanlarının işidir”.
Şinixanım Abbasovanın sözlərinə görə, Ceyhun Əliyevin məktəbdə heç kimlə konflikti olmayıb: “Şəxsən mən dünəndən onunla ərtaflı şəkildə maraqlanmışam. Sinif yoldaşları da deyiblər ki, o, dünən sonuncu dərsdən çıxdıqda hər şey normal olub. Həmişəki kimi uşaqlarla sağollaşıb və evlərinə doğru gedib. Dünən onların evlərində olarkən onu da öyrəndim ki, Ceyhunun anası işləmirdi. Lakin artıq 3 gün idi ki, işə gedirdi. Bu vaxta kimi uşaq heç vaxt evdə tək olmayıb. Hadisə baş verdiyi gün isə Ceyhun evdə tək olub. Onun özündən yaşca böyük bir qardaşı var. O da bizim məktəbin şagirdi olub. Ümumiyyətlə, çox gözəl ailədir. İndiyədək qəsəbədə heç kim onlardan narazılıq etməyib. Lakin ailədaxili məsələləri isə dəqiq deyə bilmərəm. Nə bilim nə olub, kim nə deyib?”
Mərhumun atasının da qarmon ifa etdiyini deyən Şinixanım Abbasova Ceyhun Əliyevə bu istedadın atasından keçdiyini qeyd etdi: “Ona qarmon çalmağı atası öyrədib. Atası yaxşı qarmon ifaçısıdır. Qeyd edim ki, valideynləri işdən gələndə görüblər ki, Ceyhun ayağının altına nərdivan qoyub həyətlərindəki su çənindən özünü asıb”. İntiharın səbəbləri barədə danışan məktəbin direktor əvəzi bildirdi ki, burada qız məsələsi də rol oynaya bilər: “Düzdür, mən və onun sinif rəhbəri bununla əlaqədar heç nə hiss etməsək də, o yaşda uşaqlarda belə şeylər olur. Kim bilir, bəlkə də, o, qarşılıqsız sevgiyə görə özünə qəsd edib. Bu, sadəcə versiyadır. Biz dəqiq bir şey deyə bilmərik. Yəqin ki, istintaqdan sonra intiharın səbəbləri məlum olacaq”.
Qeyd edək ki, Ceyhun Əliyevin ata ocağı onun təhsil aldığı məktəbdən təxminən, 150-200 metr aralıqda yerləşir. Biz yas yerinə çatdıqda artıq mərhumun sinif yoldaşları, dost-tanışları, qohum-əqrəbası orada idilər. Sözün açığı, ilk öncə Ceyhun Əliyevin atasına yaxınlaşmağa risk etmədik. Çünki oğlu yenicə dünyasını dəyişmiş atanın hadisə ilə bağlı nəsə deyəcəyi inandırıcı görünmür. Lakin buna baxmayaraq, olayla əlaqədar daha dolğun informasiya toplamaq naminə Zaur Əliyevə yaxınlaşdıq. O, mətbuat nümayəndəsi olduğumuzu bildikdə danışmağa taqətinin olmadığını dedi. Ona başsağlığı diləyib, söhbətimizi Ceyhunun sinif yoldaşları, dostlarıyla davam etdirdik. Onlar hamısı bir ağızdan mərhumun xoşxasiyyət, gülərüz, mehriban biri olduğunu dedilər: “Allah rəhmət eləsin. Yaxşı oğlan idi. Hamımız onun xətrini çox istəyirdik. Onun da ömrü bura qədər imiş. Heyif…”
Ceyhunun özünü nə üstə öldürdüyünü soruşduqda mərhumun dostları “qız söhbəti” olduğunu bildirdilər: “O, bir qızı sevirdi. Düzdür, adını bilməsək də, hamıya məlum idi ki, qız ona qarşılıq vermirdi. Görünür, Ceyhun buna dözə bilməyib və özünə qəsd edib. Onun cibindən tapılan məktubda da, deyəsən, bu barədə nəsə yazılıb”.
Mərhum bu gün dəfn olunub.
Valeh Məhəmməd