13 Sentyabr 2022 17:59
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Samir Cəfərov ifadə verib.

149 min manatını Aqil Babayevin ələ keçirdiyini deyən Samir Cəfərovun sözlərinə görə, onunla 2012-ci ildə qardaşının vasitəsilə tanış olub: "Özüm ibadətlə məşğul olduğum üçün Aqil Babayevin təşkil etdiyi dini məclislərdə iştirak edirdim. Aqil Babayev həmişə "12-ci imam" olması barədə işarələr verirdi. Bir gün məni yanına çağırdı, özünün "12-ci imam" olmasını qəbul edib-etmədiyimi soruşdu. Dedim ki, sizi "12-ci imam" kimi qəbul edirəm".

Zərərçəkmiş şəxsin sözlərinə görə, hündürmərtəbəli binaların tikintisi ilə məşğul olub: "2014-cü ildə 6 mərhələli bina evi tikməyə başlamışdım. Aqil Babayev həmin vaxt gələrək tikilən evin 2-ci və 3-cü mərtəbələrini ona satmağımı istədi. O, 8 evə görə 448 min manat verməli idi. Amma 210 min manat verdi, məbləğin digər hissəsi qaldı. Mənzili başqa bir nəfərlə şərik tikmişdik. Ona görə qalan pulun yarısı - 149 min manatı mənə çatmalı idi. Hələ də pulu ala bilməmişəm".

Samir Cəfərov qeyd edib ki, 2016-cı ildən Aqil Babayev zəkat və fitrə toplamaq işini ona həvalə edib: "Həmin ildən Aqil Babayevin cinayət əməli üzə çıxana qədər ümumilikdə 2 milyon manat zəkat pulu topladlq. Ayda minimum 10 min zəkat yığılırdı. Elə ay olurdu ki, zəkat pulunun yığılması 15-20 minə çatırdı. Pulları yığaraq Aqil Babayevə təhvil verirdim".

Zərərçəkmiş deyib ki, Aqil Babayevin göstərişi ilə qurbanlar kəsilib: "Həmin vaxt fitrə pulu da yığılırdı. Bundan başqa, Aqil Babayevin ad günündə ona 100 min manatliq hədiyyələr alınırdı, musiqiçilərə 10 min manat verirdik. Ötən prosesdə Aqil Babayev elə pullardan danışırdı ki, elə bil, Abramoviç, ya da Qod Nisanovdur".

Məhkəmə iclasından sonra zalda olan zərərçəkmiş şəxslər Aqil Babayevi və onun vəkili Ceyhun Yusifovu təhqir ediblər. Məhkəmə heyəti və təqsirləndirilən şəxs zaldan çıxdıqdan sonra zərərçəkmişlər vəkil Ceyhun Yusifova hücum çəkiblər. İnsidentin qarışısını məhkəmə nəzarətçiləri alıblar.

Növbəti proses sentyabrın 27-də davam edəcək.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər