Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazovun və Hospitalın digər əməkdaşı Hüseyn Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Vüsal Eyvazova 2 il, Hüseyn Ağayevə isə 1 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunublar.
Vüsal Eyvazovun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Hüseyn Ağayevin vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.
Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıblar.
Vüsal Eyvazov Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə məsuliyyətə cəlb ediliblər.