Türkiyədə polis şikayət etməyə gələn 3 adamı döyüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq şikayətçiləri döyən 7 polis haqqında cinayət işi açılıb.
Belə ki, ənənəvi düyü festivalına qatılan tələbə Hüseyn Akbıyık və keçmiş məhkum Murat Özkan arasında mübahisə baş verib. Münaqişə qısa zamanda davaya çevrilib. Döyülən tələbə atası Mehmet və qardaşı Mehmet Ali Akbıyık ilə birlikdə polisə gedərək şikayətçi olmaq istəyib. Ancaq Murat Özkan da böyük qardaşı Ferhat Özkanla birlikdə polisə gəlincə, münaqişə bir qədər də böyüyüb.
Onlar arasında dava polis bölməsində də davam edib. Bu zaman ata Mehmet Akbıyıkın atdığı yumruq mülki geyimli polis məmururu Özcan Yılmaza dəyincə dava daha da qızışıb. Ata Akbıyık və iki oğlu şikayətçi olmaq üçün gəldikləri polis bölməsində döyülüblər.
Bu olanları Mehmet Ali Akbıyık isə cib telefonu ilə çəkib. Səhər sərbəst buraxılan ata və iki oğlu həmin videoçəkilişlə İnebolu Ağır Cəza Məhkəməsinə müraciət ediblər.
Hadisə ilə bağlı 7 polis məmuru və 2 mülki şəxs barəsində "təhqir", "vəzifə səlahiyyətlərinin aşılması", "vəzifədən sui-istifadə etmə" və "qəsdən yaralama" kimi maddələrlə cinayət işi açılıb. Araşdırma davam edir.
Rüstəm