24 Oktyabr 2022 11:44
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda azyaşlıya qarşı quldurluq etməkdə təqsirləndirilən Pərvin Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib və Pərvin Bünyatovun 9 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

Cəzanın ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməsi təklif olunub.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi ilə çıxış edib. O, prokurorun təklif etdiyi cəzanın ağır olduğunu deyib. Bildirib ki, zərərçəkmişlə barışıq əldə olunub. Zərərçəkmişin həyatı üçün heç bir təhlükə olmayıb. Buna görə də onun əməli Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsinə tövsif edilməsini istəyib.

Vəkil müdafiə etdiyi şəxsə azadlıqdan məhrum olmayan cəzanın verilməsini xahiş edib.

Növbəti proses oktyabrın 25-də davam edəcək.

İttihama görə, hadisə bu il mayın 17-də baş verib. Bünyatov Pərvin Türbət oğlu paytaxtın Q.Nəbi küçəsindən keçərkən mobil telefonla danışaraq həmin binanın 3-cü blokuna daxil olan azyaşlı Ümid Quliyevin (ad və soyad şərtidir) arxasınca bloka daxil olub, ondan danışmaq bəhanəsi ilə telefonu alıb.

Mobil telefonun kilidli olduğunu görüb, azyaşlıya bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib.

Telefonun kilidini öyrənərək hadisə yerindən qaçıb. Bununla Ümid Quliyevə 200 manat dəyərində ziyan vurub.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov