Dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşı, 1970-ci il təvəllüdlü Aydın Zəkiyevin məhkəməsi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Aydın Zəkiyev orta təhsillidir, əvvəllər makler işləyib.
Hakim deyib ki, təqsirləndirilən şəxsin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Bakı istintaq təcridxanasına etap olunması barədə qərar qəbul edilib. Qərara icra olunması üçün müvafiq quruma göndəriləcək.
Aydın Zəkiyev isə hazırda müalicə müəssisəsində olduğunu deyib və Bakı istintaq təcridxanasına nə vaxt köçürüıləcəyini soruşub.
Hakimin sözlərinə görə, məhkəmə qərarı müvafiq qurumlara göndərəcək və qaydalar həmin qurumlar tərəfindən müəyyən ediləcək.
Daha sonra hakimlər məhkəmə istintaqının açıq keçirilməsi, məhkəmə baxışını yanvarın 9-a təyin olunması barədə qərara qəbul ediblər.
Qeyd edək ki, Aydın Zəkiyevin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.
Məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürmüş, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanıb və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.
Aydın Zəkiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və digər maddələri ilə ittiham edilir.