27 Dekabr 2022 17:14
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Etibar Novruzov ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslə ədavəti olmayıb. Qeyd edib ki, Aqil Babayevi 2004-cü ildən tanıyıb. Tanışlıq ibadət zamanı yaranıb: “Mən yeni namaz qılmağa başlamışdım. Görüşlərimiz işdən sonra Əhmədli qəsəbəsində olurdu. Burada zərərçəkmişlərin çoxu həmin məclisə gəlirdi.

Aqil Babayev məclisləri ələ alır, əsasən İmam Mehdinin gəlişi barədə söhbətlər edirdi. Hədislərdən, ayələrdə stat gətirirdi. Danışığına qulaq asandan sonra qənaətə gəlmişdim ki, elmli adamdır. Bunun belə, qeyri-adi danışıqları, toxunduğu mövzuları eşidəndə məndə fərqli fikirlər forlmalaşdırmışdı. Bir mövzu oldu. Bu, şiə məzhəbinə məxsus olan “təvəssül” mövzusudur. Bununla bağlı haradasa oxumuşdum, məndə maraq oyatmışdı. “Təvəssül” Allahla bəndə arasında olan vasitəyə deyilir.

Bununla bağlı Aqil Babayevə sual verdim. Sual xoşuna gəlmişdi, buna gülmüşdü. Təvəssüllə bağlı demişdi ki, bütün vaxtlarda bu mövzu diqqətdə olub, imamlar bunu tədqiq ediblər. Dedi ki, mən İmam Mehdiyəm”.

Zərərçəkmiş qeyd edib ki, 2006-cı ildə Aqil Babayevin yanına gedib və ona biət edib: “Ona biət etdim ki, sən həqiqətən İmam Mehdisən. Məni təbrik etdi, dedi, xeyirli olsun, hiss edirdim ki, sən cəhdinlə, səyinlə bu məqama çatacaqsan.

Bundan sonra ona zəkat verməyə başladım. Deyirdi ki, zəkatı mənə verməklə həqiqi zəkat vermiş sayılırsan. Həmin dövrdə zavodda işləyirdim. 2006-cı ildən 2010-cu ilə kimi hər ay 100 manat zəkat verirdim.

2010-cu ildə zavodda işdən çıxdım. Ondan sonra şaurma restoranına işə düzəldim. 2015-ci ilə qədər orada işlədim. 2015-ci ildə oradan da çıxdım və 2021-ci ilə qədər taksi fəaliyyəti ilə məşğul oldum. Bu illərdə də hər ay 30 manat zəkatı çatdırmışam. Ümumilikdə 9 min 750 manat zəkat vermişəm”.

Daha sonra zərərçəkmiş prokurorun suallarını cavablandırıb:

- 100 manatı kimə verirdin?

- 100 manat zəkat verdiyim müddətdə onu Polada verirdim. Pullları Polad yığırdı.

- Sonrakı mərhələdə 30 manatı kimə verirdin?

- Sonra pulları Rövşən yığırdı.

- İstər 100 manat, istərsə də 30 manat olsun. Kim müəyyən edirdi ki, pulu Rövşənə, ya Samirə ver?

- Bunu özü müəyyən edirdi. Görüşlərdə belə tapşırırdı. Deyirdi ki, zəkatı düzgün mövqeyə verməklə siz təmizlənmiş olursuz. Günahlarınızın bağışlanmasına cəlb olursuz, paklaşırsız.

-Bir də özünü 12-ci İmam Mehdi kimi təqdim etmişdi, necə formada deyirdi? Təbii ki, söhbətlərinin məğzində, dolayı yollarla bunu deyirdi.

- Dolayı yollarla necə deyirdi?

- Mövzu olmuşdu.

- Nə mövzu olmuşdu?

- Allahla bəndə arasında münasibətdən sual vermişdim. O da belə izah etdi ki, təvəssül mövzusu var. Allahla birbaşa münasibət qurmaq olmur. Gərək arada bir nəfər seçəsən ki, o da düzlüyü göstərsin, bu yolda vasitə olsun.

Suallara cavabda zərərçəkmiş deyib ki, Aqil Babayevin qadınlara qarşı xoşagəlməz hərəkətlərini eşidib.

Təqsirləndirilən Aqil Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını deyib. Qeyd edib ki, zərərçəkmiş onun Buzovna qəsəbəsində yerləşən bağında bağban işləyib: “Allah yolunda zəkat verib, onu mənim adımdan maddi ziyan kimi qələmə verir. Halbuki kasıb adam idi. Əhmədlidə ona 3 otaqlı ev və maşın vermişəm. Ailəsinə maddi yardımlar etmişəm. Mənim zəkatla bağlı xəbərim yoxdur. Dini savadı da yoxdu və mənlə tetatet söhbəti olmayıb. O, indi də bağımda bağban işləyir”.

Daha sonra zərərçəkmiş qismində Telman Nuriyev ifadə verib. Onun sözlərinə görə, Aqil Babayevlə bir məhlədə yaşayıb və eyni sinifdə oxuyublar: “Namaz qılmağa 1999-cu ildə başlamışam. Məhlədə yaşıdlarımın dini savadlarının yüksək olduğunu gördüm. Kimdən öyrəndiklərini soruşanda dedilər ki, Aqil Babayevdən.

Aqili çox yaxşı tanıdığımdan, ünsiyyətimi daha da sıxlaşdırdım və 2001-ci ildən onun sonuncu imam olmasına iman gətirdim. 2006-dan 2016-cı ilə kimi ona ayda 40 manat vermişəm. Ümumilikdə 4 min 800 manat zəkat vermişəm. Pulu Polad adlı şəxs vasitəsilə verirdim”.

Növbəti proses yanvarın 10-da davam edəcək.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər