Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Cəmilə Zeynalovanın işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nizami rayon 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Cəmilə Zeynalova saxlanılıb.
Müəyyən edilib ki, Cəmilə Zeynalova Bakının ayrı-ayrı rayonlarında vətəndaşlara qarşı dələduzluq edib. O, “Binə” Ticarət Mərkəzində bizneslə məşğul olan şəxslərdən birinə qarşı dələduzluq edib.
Belə ki, ticarət mərkəzində bizneslə məşğul olan şəxslərdən biri Cəmilə Zeynalovaya yüksək məbləğ təklif etdiyindən paltarları ona nisyə verib. Bir müddət paltarları satan Cəmilə Zeynalova iş adamına çatası pulu da ödəyib. Sonradan da yüksək qiymətə çoxlu sayda paltar götürən qadın uzun müddət alverini davam etdirsə də, pulları verməyib. Buna görə də həmin iş adamına çatası külli miqdarda pul mənimsənilib.
Bundan başqa, Cəmilə Zeynalova bizneslə məşğul olan və Qubadlı rayonundan məcburi köçkün düşmüş Qalib Şıxıyevin 158 787 ABŞ dollarını mənimsəyib. Yasamal rayonunda məskunlaşan Qalib Şıxıyev Cəmilə Zeynalova ilə ortaq biznes fəaliyyəti ilə məşğul olub.
Qalib Şıxıyev Çindən və digər ölkələrdən Azərbaycana müxtəlif geyim əşyaları, pal-paltar gətirib. Cəmilə Zeynalova isə ondan mal götürərək müxtəlif ticarət mərkəzlərində satdırıb. Bir müddət normal alış-veriş edən tərəflərin münasibəti sonradan pozulub. Nəticədə Cəmilə Zeynalova iş adamının külli miqdarda pulunu mənimsəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəmilə Zeynalova 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Cəmilə Zeynalova apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar açıqlanıb. Qərara görə, Cəmil Zeynalovanın apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov