24 Dekabr 2014 12:17
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O, uşağı pul müqabilində mənə satıb”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağın oğurlamaqda təqsirli bilinən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.

Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Daha sonra zərərçəkmişlər və şahidlər ifadə verib. Prosesdə ifadə verən polis əməkdaşları əməliyyatın keçirilməsi barədə danışıblar. Onlar qeyd ediblər ki, əməliyyatın keçirilməsi ilə bağlı Xırda Babayevanın yaşadığı mənzilə gəliblər. Əməliyyatçıların sözlərinə görə, mənzili açan qadın onları içəri buraxmaq istəməyib, amma məcbur içəri giriblər. Polis əməkdaşlarının bildirdiyinə görə, uşağı həmin mənzilin yataq otağında tapıblar.

Daha sonra taksi sürücüsü Anar Yusifov ifadə verib. O, bildirib ki, Sumqayıt şəhərindən bir qadını Bakı şəhərinə gətirib. Taksi sürücüsünün sözlərinə görə, həmin qadının qucağında uşaq olub və qadın avtomobildən tələm-tələsik düşüb.

Xırda Babayeva səslənən ittihamların uydurma olduğunu deyib. Onun sözlərinə görə, uşağın anası ilə parkda tanış olub: “Həmin qadın uşağına baxa bimədiyini dedi. Qadın anasının xəstə olduğunu, ərinin uşaqlara baxmadığını bildirib. O, uşağı pul müqabilində mənə satıb”.

Məhkəmə iclası yanvarın 7-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər