2 Fevral 2023 12:05
4 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda 1985-ci il təvəllüdlü Murad tanışı Azada qarşı dələduzluq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Murad ev tikib satmaq yolu ilə qazanc əldə etmək barədə Azadla razılığa gəlib. Onlar Biləcəri qəsəbəsində torpaq sahəsi alıblar və onu Azadın adına rəsmiləşdiriblər.

Murad 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi tikdirib, 63000 manata satıb, əldə olunan gəlirin 70 faizinin Azada çatacağı adı ilə yalan vəd verib.

Murad Azaddan 55050 manat alıb və sonradan həmin tikilən evi 2021-ci ilin avqustunda 48000 manata satıb. Bu səbəbdən Azada məxsus olan 63000 manat dəyərində olan əmlakı ələ keçirib.

İstintaq orqanı tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Azadla 2019-cu ildən tanış olub: “Biz birlikdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda işləmişik. Həmin vaxtdan Azadla aramızda səmimi münasibət yaranıb. Hər hansı düşmənçilik və ədavətimiz olmayıb. Zavodda işdən çıxdıqdan sonra tikinti ilə məşğul olmağa başladım. Tikinti işləri ilə məşğul olduğumu Azad da bildi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin əvvələrində Azad ona tikinti biznesinə girişmək istədiyini, bu işləri onunla görmək istədiyini bildirib: “Təklifində qeyd etdi ki, pulu o özü, yəni Azad qoyacaq, işləri mən görəcəm, nəticədə əldə olunan gəlirin 70 faizi Azada, 30 faizi isə mənə çatacaq. Razılaşmamıza əsasən, Bakı şəhərində torpaq sahəsi alıb, ev inşa etdirməliydik. Evi inşa etdirib, başa çatdırdıqdan sonra həmin evin satışını həyata keçirib, qazanc əldə edəcəkdik.

Azadın təklifi əsasında torpaq axtarmağa başladım. Binəqədi rayonu, DSK yolu yeni massivdə yerləşən 2 sot torpaq sahəsi tapdım. Azadla birlikdə torpaq sahəsinə baxdıqdan sonra torpağı alıb, işlərə başlamaq qərarına gəldik. Torpaq sahəsini Azad etibarnamə ilə öz üzərinə götürdü”.

Murad qeyd edib ki, 2021-ci ilin yanvar ayının sonu, fevral ayının əvvəllərində tikinti işlərinə başlayıb:

“Müxtəlif vaxtlarda tikinti üçün Azadın işlədiyi ofisdə hissə-hissə pullar aldım. Ümumilikdə evin tikintisi üçün Azaddan 50100 manat götürdüm. Sonuncu dəfə Azadla “Təfəkkür” universitetinin qarşısında görüşərək ondan 5000 manat aldım. Həmin pulu tikintiyə görə deyil, Azada məxsus evin təmiri ilə əlaqədar almışdım. Azaddan ümumilikdə 50100 manat almışam. Həmçinin, özüm də həmin evin tikintisi üçün 3700 manat xərcləyərək daimi olaraq orada işləmişəm.

Həmin pullar barədə Azadın mənə verdiyi sənədi istintaqa təqdim etmişəm. Həmin sənəddə də göstərildiyi kimi Azad mənə 50050 manat verib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin pulla Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu yeni massivdə yerləşən 2 sot torpaq sahəsində 4 otaqlı mənzil tikdirib: “Azadla qarşılıqlı razılıq əsasında evi 63000 manata satılmasını qərarlaşdırdıq. Evin satışını elan etdik, amma 3 ay ərzində satışı həyata keçirə bilmədik. Çünki həmin evdə görüləcək işlər qalmışdı. Mənzili 63000 manata istəyən olmadı”.

Muradın ifadəsinə görə, bundan sonra, yəni 2021-ci ilin iyul ayının sonlarında əvvəldən tanıdığı Şöhrətlə evin qiyməti barədə danışıqlar aparıb: “Şöhrət evin qiymətini soruşdu. Müştərilərdən evə ən çox 48000 manat təklif edilib. Şöhrət məndən evi 48000 manata satmaq fikrimin olub-olmadığını soruşdu. Bildirdi ki, əgər evi həmin qiymətə, yəni 48000 manata satsaq, pulun yarısını indi, qalan hissəsini isə 2021-ci ilin avqust ayının sonunadək verə bilər. Mən də Şöhrətə Azadla danışıb, ona xəbər verəcəyimi bildirdim.

Həmin vaxt pula ehtiyacım vardı. Bir neçə ay evin tikintisi ilə məşğul olduğumdan, əlavə işlər görə bilmədim. Fikirləşdim ki, evi satacam, qazanc əldə edəcəm, həmin qazancdan da mənə pul qalacaq. Lakin evi 63000 manata alan olmadı, ziyana getdik. Fikirləşdim ki, bu barədə Azada məlumat verib, evi Şöhrətin 63000 manata almaq istəməsini, pulunu isə avqust ayının sonunadək ödəyəcəyini bildirim. Ancaq Şöhrətlə aramızda olan danışığı, yəni evi Şöhrətə 48000 manata satdığımı bildirməyim.

Fikirləşdim ki, Azada evi 63000 manata satdığımı deyim, Şöhrətə isə evi 48000 manata satım. Başqa yerdə işləmədiyim üçün Şöhrətdən 48000 manatın bir hissəsini alıb, başqa iş görüb və müəyyən qazanc əldə edərək ailəmi dolandırmaq fikrindəydim. Şöhrət avqust ayında evin pulunun qalan hissəsini verəndə hər iki pulu toplayıb, Azada verərəm. Bu işi fikirləşdikdə Şöhrətin verəcəyi təxminən 24000 manat civarında pulu avqust ayının sonunadək Azaddan xəbərsiz əlimdə maya edib, başqa işlər görərək qazanc əldə etmək niyyətində oldum. Buna görə də yenidən Şöhrətin yanına getdim, onunla danışdım, evi 48000 manata satmaqla bağlı razılığa gəldim”.

Murad bildirib ki, 2021-ci ilin iyul ayının sonlarında Biləcəri qəsəbəsindəki kafelərdən birində 1000 manat beh alıb: “Bundan sonra isə Azadla danışdım, ona məlumat verərək evi tanışım olan Şöhrətin 63000 manata almaq istədiyini, 1000 manat beh aldığımı, pulun bir qismini bir neçə günə, qalan qismini isə avqust ayının sonlarında verəcəyini bildirdim. Azad mənimlə razılaşdı.

Şöhrətlə danışaraq razılaşdıqdan sonra 2021-ci ilin iyul ayının sonlarında Biləcəri qəsəbəsindəki kafelərdən birində onunla görüşdüm, evin pulundan 22000 manatını ondan aldım.

Şöhrətdən pulu aldıqda Azadla əlaqə saxlayaraq pulun bir qismini götürməyimi, öz şəxsi ehtiyaclarımın olması səbəbindən xərcləyəcəyimi, qalan qismini isə deyilən vaxtda götürəcəyimi bildirdim. Azada nə qədər pul aldığımı bildirmədim. Bir neçə gün ərzində Şöhrət evin sənədlərini tələb etdiyindən Azadla əlaqə saxladım, Şöhrətə etibarnamə verilməli olduğumu bildirdim. Azad buna etiraz etmədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin evin Şöhrətin qızının adına sənədləşdirilməsinə dair 15 saylı notarial kontorda etibarnamə verib: “Bir gün sonra Şöhrət zəng edərək Azadın ona səsli ismarıc göndərdiyini, evə xeyir-dua verdiyini, gələcəkdə pulun yalnız onun iştirakı ilə verilməsini xahiş etdiyini bildirdi. Şöhrət məndən Azadın pulun bir hissəsini, yəni 23000 manatın alınmasından məlumatı olub-olmadığını soruşdu.

Şöhrətə bildirdim ki, Azadla özüm danışıb, ona izah edəcəm. Şöhrət isə evi qızına aldığını bildirdi. Buna görə də mübahisəli evi istəmədiyini, Azadla danışıb, öz aramızda olan narazılığı həll etməyimi istədi.

Bundan sonra Azad mənimlə əlaqə saxladı. Satılan evin pulunu Şöhrətdən onun iştirakı olmadan almamağımı tapşırdı.

Azadla söhbət zamanı Şöhrətdən 38000 manat pul aldığımı və həmin pulu şəxsi ehtiyaclarıma xərclədiyimi bildirdim. Pulu qaytarmaq üçün ondan vaxt istədimr. Məqsədim o idi ki, evin 63000 manata satıldığını deməyim”.

Murad qeyd edib ki, əslində Şöhrətdən 23000 manat alıb: “Azad evi 48000 manata satdığını bilsəydi, ola bilsin ki, evin satılmasına razı olmazdı. Buna görə də Azada yalan danışmışam. Azad isə pulu mənə ödəməyimi, bundan sonra Şöhrətdən heç bir məbləğdə pul almamağımı bildirdi.

Şöhrət avqust ayının sonlarında 20000 manat və 5000 manat olmaqla, ümumilikdə evin qalan 25000 manatı Azada verdi. Bundan sonra satılan evdən Azada olan borcumu ödəyə bilmədim. Azad evi Şöhrətə 63000 manata deyil, 48000 manata satdığını öyrəndi. O, evin Şöhrətə 48000 manata satılmasını bilsə də, məndən 38000 manat tələb etməyə başladı.

Azada olan borcumu ödəmək üçün hazırda yaşadığım özümə məxsus evi satmaq istəmişəm. Buna görə də Azada təklif etdim ki, həmin evi alsın, ona olan borcumu çıxdıqdan sonra, mənə də əlavə pul ödəsin. Azad da təklifimi qəbul etdi. Həmin ünvana gəldi və evə baxdı. Lakin evin real dəyərindən dəfələrlə az məbləğə almaq istədiyindən onunla razılaşa bilmədim. Azad borc qarşılığında evi almaqdan imtina etdi”.

Murad deyib ki, Azadla ona olan borcunu hissə-hissə ödəməklə bağlı razılaşıb və həmin vaxtdan da borcunu ödəmək üçün çalışıb: “Hal-hazıradək borcumdan hissə-hissə olmaqla 7500 manat ödəmək istəmişəm. Lakin Azad pulu qəbul etməkdən imtina edib. Azadın verdiyi 50050 manat pulun 25 min manatını Şöhrət ödəyib. 7500 manat pulu isə depozit hesabına ödəmişəm. Hazırda Azada 17500 manat borcum qalıb. Azada qarşı dələduzluq etməmişəm. Onların aramızda sadəcə olaraq, mülki münasibətlər olub”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Murad 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib.

Murad məhkəmə zalından həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər