Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsinin dekanı olmuş Xudayar Həsənovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kasasiya şikayəti verməsi müəyyən edilib. O, Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından narazı qalıb və bu səbəbdən Ali Məhkəməyə kasasiya şikayəti verib.
Xudayar Həsənov kasasiya şikayətində qeyd edib ki, apelyasiya instansiyasında işinə məhkəmə istintaqı aparılmaqla baxılmalıdır. O, şikayətini belə əsaslandırıb ki, birinci instansiya məhkəməsində işinə düzgün baxılmayıb. Xudayar Həsənov apelyasiya şikayətində şahidlərin dindirilməsini, sənədlərin araşdırılmasını xahiş edib. Ali Məhkəməyə kasasiya şikayəti verildiyi üçün apelyasiya instansiyasında məhkəmənin baxış iclası qeyri müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə Xudayar Həsənov apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Amma hakimlər məhkəmənin ilkin baxış iclasının qərarında onun istəyini nəzərə almayıb və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xudayar Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Xudayar Həsənov məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan Xudayar Həsənov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Xudayar Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311.3.1, 311.3.2, və 311.3.3 (rüşvət alma ) maddələri ilə ittiham edilib. İttihama görə, o, universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub. Onlar TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abituriyentlerin valideynlərindən külli miqdarda rüşvət alıblar.
Bunun müqabilində həmin şəxslərin Dağıstan Respublikasının Mahaçqala şəhərində yerləşən Maliyyə və Hüquq İnsitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitətində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar.
Hacı Zeynalov