14 Aprel 2023 14:31
2 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov, onunla birlikdə mühakimə olunan Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi keşirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində baş tutan iclasda Bəkir Orucov və Rahib Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırılıb.

Rahib Məmmədov deyib ki, iki övlad atasıdır, üçüncüsü də dünyaya gəlməliydi: “Üçüncü övladım doğulacaqdı, 9 aylıq idi, ona Atilla adını qoymuşdum. Onu qohumlarım kəfənləyib, dəfn edib. Kaş əsir düşəydim, öləydim, bu günü görməyəydim. Heç vaxt ağlamamışdım. Amma buna görə ağladım. Ata üçün bu günü yaşamaq çox ağırdır. Mənim bu məsələlərdə təqsirim yoxdur. Vəziyyətim çox pisdir”.

Bəkir Orucov da eyni vəsatətlə çıxış edib. Məhkəmənin ədalətli keçəcəyinə inandığını deyən general bildirib kii, özünü təqsirli saymır: “Məhkəmədən də yayınmayacağam. Heç kim deyə bilməz ki, Bəkir Orucov mənə işgəncə verib, yaxud işgəncəyə göstəriş verib. Xahiş edirəm, ev dustaqlığına buraxın. Sərbəst gəlib-gedim, normal şəkildə müdafiəmi həyata keçirim”.

Generalın vəkili vəsatəti belə əsaslandırıb ki, Bəkir Orucovun həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir, həbsindən öncə də dəfələrlə istintaqa çağrılanda həmişə vaxtında gedib: “Onun həbsdə saxlanması üçün əsas yoxdur. İşgəncələrdə iştirakı sübuta yetirilmir. Məhkəmənin hazırlıq iclasında da zərərçəkənlər dedilər ki, biz onu tanımırıq”.

Lakin zərərçəkmişlər təqsirləndirilən şəxslərin həbsdən buraxılmasına etiraz edib. Zülfalı Niftəliyev deyib: “Mənim bədənimə tok veriləndə qızım 1 yaş 4 aylıq idi. Birinci qrup əlil olan atam gəlirdi. Məndən xəbər bilmək istəyirdi, heç kim ona bir söz demirdi. Mənim atam ata deyildi?”

Digər zərərçəkmiş Zaur Əliyev də etirazını bildirib: “Bizləri doğrayıb tökəndə ata olduğunuz yadınıza düşmürdü? Bəs onda sizin atalarınız necə rahat yaşayırdı? Bizim ailələrimiz illərlə kəndin içində sizin başımıza açdığınız oyunlara görə utanıblar. Mən özüm insult keçirmişəm. Bunlara görə mənim atam ölüb”.

Dövlət ittihamçısı Vüsal Mehrəliyev bildirib ki, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilərkən göstərilən əsaslar aradan qalxmayıb. Qeyd edib ki, onlar azadlığa çıxarlarsa, şahidlərə, zərərçəkmişlərə təsir göstərmək ehtimalı var.

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Digər təqsirlənidirilən İntiqam Məmmədov isə ailə üzvlərilə telefon və görüş qadağasından şikayətlənib. O bildirib ki, hətta vəkili ilə də telefonla danışa bilmir. İntiqam Məmmədov deyib ki, bu hüquq pozuntusu davam etsə, məhkəməyə gəlməkdən imtina edəcək: “İstintaq qərəzli aparılıb. İstintaq dövründə görüş və telefon danışığına qadağa qoyulmuşdu. Bunu başa düşdüm. İstintaq başa çatandan sonra bu, aradan qaldırıldı. Məhkəmənin qərarı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin müvəqqəti saxlanma yerindən Bakı İstintaq Təcridxanasına köçürüldüm. Amma yenə də telefon danışığı hüququm bərpa olunmayıb. Yəni qərar var, amma icra olunmur. İcra olunmayacaqsa, nəyə lazımdır? Vəkilə belə zəng eləyə bilmirəm”.

Hakim Zeynal Ağayev deyib ki, heç kim məhkəmə ilə şərtlə danışa bilməz. Hakim bu məsələnin araşdırılacağını söyləyib.

Daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, hərbçilərdən özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün onlara işgəncə verilib, ləyaqətləri alçaldılıb. İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həyatını itirib.

İttihama görə, işgəncələr zamanı kəlbətinlə dırnaqların çıxarılması, ətin qoparılması, çəlləklərdə suda boğulma, bədənə elektrik cərəyanı verilməsi, sellofanın yandırılıb bədənə tökülməsi və başqa üsullardan istifadə olunub.

Cinayət işinə görə, İnqiqam Məmmədov Arzu Həşimovanı işə düzəltmək, onun ərini xidmət yerini dəyişmək adı ilə aldadıb, pulunu alıb.

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə izah edib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Lakin 5 nəfərin heç biri özünü təqsirli bilməyib. Onlar təqsirsiz olduqlarını deyiblər.

Daha sonra ifadə verən zərərçəkmiş Zaur Əliyev bildirib ki, hazırda təqaüddədir. O zaman həmlə taborunda xidmət edirdi, baş çavuş idi. Onları ezamiyyət adıyla aparıblar: “Maskalılar töküldülər, bizi soyundurdular. Biz artıq Tərtər söhbətini eşitmişdik, ona görə şübhə yarandı ki, başımıza nə gələcək. Mən birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, ikinci Qarabağ müharibəsində iştirak eləmişəm. Mən düşmənin arxasına keçməmişdən əvvəl sonuncu dəfə evlə danışıb sağollaşanda uşağım koma vəziyyətində olub. O vəziyyətdə ailəmi qoyub gedən adam olmuşam. Mən vətənimə xəyanət edənəm?

Biz 13 nəfərin adını qərəzdən həmlə komandirimiz vermişdi. Niyə məsuliyyətə cəlb olunmayıb o? Düzü, mənə qarşı amansız işgəncələr olmadı. Mənə inandılar. Amma dəlikdən gördüm ki, adamların başına nə oyunlar açırlar. Generaldan şikayətim yoxdur. O, mənim cənab generalımdı. Nə vaxt qəbulunda olmuşam, istər xidmətlə bağlı, istər şəxsi məsələlərlə bağlı, həmişə kömək eləyib. Kim nə görüb, deyə bilmərəm. Bizi o vaxt taksi sürücüləri mindirmirdilər ki, vətən xainisiz. Leytenantımızı avtobusdan vurub salmışdılar”.

Zərərçəkmiş Orxan Səfərov deyib ki, həmin vaxt manqa komandiri idi. Səfərovun sözlərinə görə, sellofanı yandırıb kürəyinə tökməkdən tutmuş, kəlbətinlə dırnaqlarının çıxarılmasına, ətinin qoparılmasına qədər müxtəlif formada işgəncələrə məruz qalıb: “Məni postdan düşürüb, korpus komandiri Mais Bərxudarovun yanına apardılar. Mənə qayıtdı ki, neçə nəfər düşmənə işləyirsiz? Dedim, elə şey yoxdur. Göstəriş verdi ki, aparın, ağlı başına gəlsin. Qolumu burdular, gözümü bağlayıb apardılar. Ondan sonra işgəncələr başladı. İşgəncələr bir həftədən çox davam elədi.”

Zərərçəkmişin sözlərinə görə, ona işgəncə verənlər arasında hazırda məhkəmə qarşısında olanlardan Ziya Kazımov və Ülvi Rəcəbovu görüb. O, əsasən, İlkin Ağazadə tərəfindən işgəncə gördüyünü bildirib.

Eyni zamanda, hərbi hissənin çöl tərəfində general Bəkir Orucovun təhqir xarakterli ifadələrini eşitdiyini vurğulayıb: “Bizi çölə atmışdılar. Bəkiri orada gördüm. Təhqir edirdi. Elə vəziyyətdə idim, ancaq gözlərim baxırdı”.

Amma Ziya Kazımov onun dediklərini təkzib edib. O, zərərçəkmişin onunla bağlı hissədə yalan danışdığını bildirib.

Digər zərərçəkmiş Zülfalı Niftəliyev də işgəncələrdən danışıb: “İlk iki gündə çox pis döyüldük. Əllərimiz bağlı, oturduğumuz yürdə üzümüzə bir təpik vuruldu. O təpiyi vuran polkovnik sonradan şəhid oldu. Betonun üstündə yatırdıq. Başımızı bir-birimizin ayağının üstünə qoyurduq ki, yerə dəyməsin”.

Zərərçəkmiş qeyd edib ki, işgəncələrdən sonra ondan izahatı təqsirləndirilən şəxslərdən Rahib Məmmədov alıb. Amma istintaqa ifadəsində fərqli ad göstərib.

Təqsirləndirilən Rahib Məmmədov zərərçəkmişin yalan danışdığını bildirib. Nəticədə aralarında mübahisə yaranıb. Zülfalı Niftəliyev ziddiyyəti belə izah edib ki, məhkəmədə üzünü görəndən sonra xatırlayıb və əmindir ki, özüdür.

Zərərçəkmiş general Orucovdan da şikayətçi olub.

Təqsirləndirilən şəxslərdən Bəkir Orucov, Ziya Kazımov, Ülvi Rəşidova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

İntiqam Məmmədov həm də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.

2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində Tərtər hadisələrilə bağlı yenidən araşdırmalar başlananda həm də həmin dövrdə - 2017-ci ilin mayında Beyləqanda da baş verənlər araşdırılıb.

Bu araşdırmalar eyni icraatda aparılsa da, sonradan “Beyləqan hadisələri” üzrə beş nəfər haqqında cinayət işi fevralda ayrılaraq, Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bunlar həmin dövrdə Beyləqan korpusunun qərargah rəisi olmuş, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov və daha dörd nəfərdən - snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidovdur.


Müəllif: Hacı Zeynalov