4 May 2023 14:39
3 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tərtər işi" ilə bağlı həbs edilən hərbi hissə komandiri olmuş, polkovnik Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən hərbi qulluqçular - kəşfiyyatçı Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun məruzəsi, Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində baş tutan iclasda işgəncə nəticəsində vəfat etmiş hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədovanın vəkili vasitəsilə çıxış edib.

Vəkil bir sıra vəzifəli şəxslərin məhkəməyə çağırılatraq dindirilməsini istəyib. Vəkil qeyd edib ki, indiyə qədər məhkəmədə dindirilən zərərçəkmişlərin ifadələrində adları çəkilən vəzifəlilər, o cümlədən korpus komandiri olmuş general-mayor Hikmət Həsənov, Hərbi prokuror Xanlar Vəliyev, hərbi hissə komandirləri Teymur Məmmədov, Firdovsi Bəyov və digər şəxslər iş üzrə dindiriləmlidir.

Prokuror isə bildirib ki, vəsatətdə adları göstərilən şəxslərin bir hissəsi şahidlər siyahısında var və onlar məhkəməyə çağırılacaq. Prokuror deyib ki, şahidlər siyahısında adı olmayan şəxslərlə bağlı məsələ əsas şahidlər dindiriləndən sonra baxılması mümkün ola bilər.

Məhkəmə də vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib.

Daha sonra hadisələr dövründə əsgər kimi xidmət edən Vaqif Məmmədov hazırkı iş üzrə zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərin heç birini tanımır. Ona gözləri bağlı vəziyyətdə işgəncə verildiyinə görə döyənlərin kim olduğunu bilməyib.

Digər zərərçəkmiş Siyasət Seyidov deyib ki, hərbi hissə komandirinin çağırdığını bildiriblər: “Vüsal Ələsgərov məni təpiklədi, söydü. Gözlərimi əski ilə bağladılar, işgəncə verməyə başladılar. Deyirdilər ki, sizin bölük erməniyə işləyir. İşgəncələrdən sonra məni UAZ maşınının ayaqaltısına atıb apardılar”.

Təqsirləndirilən Vüsal Ələsgərov bildirib ki, bu şəxslərin çağırılıb sorğu-sual olunması səbəbsiz deyildi. Çünki onların bölüyündən Elnur Hüseynzadə adlı bir nəfər ermənilərin tərəfinə keçmişdi. Onun sözlərinə görə, Vətən Müharibəsindən sonra həmin şəxs ermənilərdən alınıb və dövlətə xəyanət ittihamı ilə 13 il azadlıqdan məhrum edilib.

Zərərçəkmiş Məmməd İsmayılov da deyib ki, işgəncə veriləndə onun da gözləri bağlı olub: “Ona görə də işgəncə verənləri görmürdüm. Amma səslərindən hiss edirdim ki, 4-5 nəfərdilər. Orada işgəncəyə məruz qalanlar da çox idi. Hamı qışqırıb deyirdi ki, günahım yoxdur. Öz maykamı cırıb gözümü bağlamışdılar”.

Zərərçəkmiş qeyd edib ki, işgəncələrdən sonra sərəncama göndərilib, işinə qayıtmağa çox çalışıb: “Sərəncamda olduğum müddətdə Babək Səmidli dəfələrlə söz verdi, əməl eləmədi. Dedim, yaxşı, heç olmasa, işdə travma almağım haqda arayış verin. Onu da eləmirdilər”.

Zərərçəkmiş Məmməd İsmayılov deyib ki, həmin işdə məhkəməyə gedib-gələn vaxtlarda Teymur Məmmədov ona istədiyi arayışı verməyə razılaşıb: “Teymur Məmmədov dedi ki, sənə arayış verərik. Amma sən də bizim istədiyimizi verəcəksən. Onda işgəncə verməyə görə Sənan Maşıyev, Fuad Ağayevgilin məhkəməsi gedirdi. Ərizəyə imza etməliydim ki, mənə dəyən maddi və mənəvi ziyan tam ödənilib. Düzdür, bu adamlar məni döyüblər. Amma 22 nəfər vətən xainini ortaya çıxarıblar, ona görə şikayətim yoxdur. Mən buna görə imza etməyimi istəyirdilər. Mən bu barədə evdə məsləhətləşməyimi istədim. Onlar da arayış vermədilər. Sonra məni ümumiyyətlə, ordudan çıxardılar. 2021-ci ilin dekabrında Tərtər işi üzrə istintaq yeniləndi, 2022-ci ildə məni yenidən işə bərpa elədilər”.

Zərərçəkmiş Ramin İsayev bildirib ki, təqsirləndirilən şəxslərdən yalnız Rüstəm Ələsgərovu tanıyıb. O, Teymur Məmmədov, Daşqın Süleymanov və başqaların da mühakimə olunmasını istəyib. Onun sözlərinə görə, məruz qaldığı işgəncələr nəticəsində qabırğası, çiyni sınıb.

Təqsirləndirilən Rüstəm Ələsgərov bundan əvvəlki məhkəmə iclaslarında dəfələrlə bildirib ki, işgəncələrdə iştirak etməyib, sadəcə, hərbi hissə binasının mühafizəsini həyata keçirib.

Lakin Ramin İsayev deyib ki, onu işgəncə verilən ikinci mərtəbədə görüb: “Deyə bilmərəm ki, işgəncə verən yerdə görmüşəm. Əlində su vedrəsi vardı. Həmin sudan da çəlləklərə tökülüb, suda boğma ilə işgəncə vermək üçün istifadə edirdilər. Düzdür, Rüstəm deyir ki, mən ancaq binanın mühafizəsində dayanmışam. Amma o hərbi hissənin kəşfiyyatçılarının hamısı orada olub”.

Ramin İsayevin sözlərinə görə, işgəncə nəticəsində komaya düşüb. O, işgəncə nəticəsində ölən hərbçilərdən Mehman Hüseynov, Elxan Ağazadə, polkovnik Saleh Qafarov haqqında da danışıb: “Saleh Qafarovun ağzını Cümşüdov cırıb qulağının dibinə gətirdi. Saleh Qafarovu, Mehman Hüseynovu, Elxan Ağazadəni döyüb ölümcül elədilər, sonra da ikinci mərtəbədən aşağı tulladılar. Rüstəm Ələsgərov deyir ki, binanın mühafizəsində olub, onda çöldə idisə, bu adamların ikinci mərtəbədən düşməsini də görməliydi”.

Rüstəm Ələsgərov bildirib ki, nə ikinci mərtəbədə olub, nə də adları çəkilən hərbçilərin ikinci mərtəbədən düşdüyünü görüb.

Zərərçəkmiş Sənan Qarayev deyib ki, onu hərbi hissə komandiri Teymur Məmmədovun çağırdığını xəbər veriblər: “Mən də getdim. Orada gözümü bağladılar, sifət nahiyəmdən təpiklə vurdular. Elə döyə-döyə də apardılar. Anar Cavadov topuğumdan boynumun ardına qədər boru ilə döşəyirdi. İçəridə insanları məhv edirdilər. Dedilər, quru-quru döyməyin, isladıb vurun. Bizi dörd nəfər bir-birimizə bağlayıb, toka verdilər. Boğazıma ip salırdılar, boğulurdum, öskürürdüm, buraxırdılar. Deyirdilər ki, ad ver. Ayaqlarımın altına şlanqla o qədər vurmuşdular, gəzə bilmirdim. Bizi qatar kimi düşüb aparanda gəzə biulmədiyimə görə yıxıldım. Yıxılmağıma görə Teymur Məmmədov məni o qədər döydü”.

Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamıyla həbs olunub, 20 il azadlıqdan məhrumetmə cəzası alan, 5 il 7 ay 2 gün həbsdə saxlandıqdan sonra bəraət hökmü ilə azadlığa buraxılan Atabəy Rəhimov da zərərçəkmiş şəxs qismində tanınıb. O deyib ki, tabeliyində olan əsgərləri ermənilərin yanına aparmaqda, onların zorlanmasına göz yummaqda ittiham edirdilər: “Halbuki belə bir hadisə olmamışdı və mənə böhtan atırdılar. Özümlə yanaşı, tabeliyimdə olan əsgərlərə də işgəncə verdilər, mənim əleyhimə ifadə aldılar. Deyirdilər ki, komandir, işgəncələrə dözə bilmirdik, yaşamaq üçün o ifadələri verməyə məcbur olduq”.

Zərərçəkmiş həmin dövrdə korpus komandiri olan Hikmət Həsənovun da işgəncələrdə şəxsən iştirak etdiyini bildirib: “İndi burada kim danışır, deyir ki, mənim işgəncələrdən xəbərim olmayıb, mən mühafizədə olmuşam. Bəs bizə o işgəncələri verənlər kimlər olub?”

Zərərçəkmiş Cəsur Qurbanov bildirib ki, ona işgəncə verməklə kifayətlənməyiblər. İşgəncədən ölən şəxsin meyitini göstərib və aqibətinin bu cür olacağını deyiblər: “Başımdan torbanı çıxaranda meyiti gördüm. O biri otağa keçirəndə gördüm ki, adamın ayaqlarının birini sağa, o birini sola dartıb, toka verirlər. Məni tros məftillə döyürdülər. Toku bədənimin burada deyə bilməyəcəyim hissələrinə verəndə ürəyim getdi. Dırnağımı kəlbətinlə çəkirdilər, ağzıma vedrə ilə su tökürdülər. Ayağımda mismarla iki deşik açdılar”.

Cəsur Qurbanov deyib ki, işgəncələr zamanı təqsirləndirilən şəxslərdən Rəşid Niftəliyevin də iştirakının şahidi olub. Lakin Rəşid Niftəliyev orada olması haqda deyilənləri təkzib edib.

Hazırda həbsdə olan başqa bir zərərçəkmiş Bəhruz Xıdırov deyib ki, 2017-ci ilin mayında onun dişlərini, dırnaqlarımı çəkiblər, boynunun arxasını yandırıblar: “Sürücü idim, deyirdilər ki, ermənilərə silah-sursat daşımısan. Halbuki belə bir şey olmayıb. İşgəncələrdən sonra da normativləri keçə bilməmək bəhanəsi ilə tərxis elədilər”.

Məhkəmədə hakim Zeynal Ağayev elan edib ki, zərərçəkənlərin hamısına çağırış göndərilsə də, onların bir qismi gəlmir. Bu səbəbdən indiyədək gəlməyən zərərçəkmişlərin haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Növbəti proses mayın 10-da davam edəcək.

Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.

Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.

Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib.

Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.

Xatırladaq ki, Tərtər hadisələri ilə bağlı hazırda daha iki məhkəmə prosesi davam etdirilir. Aralarında general-mayor Bəkir Orucovun da olduğu 9 nəfər iki ayrı icraatda mühakimə olunur. İki iş üzrə zərərçəkmişlərin sayı 250-dən çoxdur.

“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Bu cinayət işi üzrə 186 nəfər zərərçəkmiş qismində tanınıb.

Bununla da rəsmi olaraq ittiham olunanların sayı 13, zərərçəkmişlərin sayı 440-ı ötüb.


Müəllif: Hacı Zeynalov