8 May 2023 18:02
2 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə hakim mənimsəmə və israf etmə epizodu üzrə ziyanın ödənilməsi ilə bağlı məlumat verib.

Hakim Faiq Qəniyev bildirib ki, təqsirləndirilən şəxsə verilən müddətdə böyük məbləğdə dəymiş ziyanın ödənilməsi həyata keçirilib. Hakimin sözlərinə görə, şirkətlərlə bağlı mənimsəmə faktı istisna olmaqla təqsirləndirilən şəxs Səlim Müslümov tərəfindən dəymiş ziyan tam ödənilib.

Həmçinin Səlim Müslümov şirkətlər tərəfindən mənimsənilmiş 4 milyon 500 min manat ziyanı da bu il aprelin 28-də ödəyib. Ödənilən məbləğin çekləri məhkəməyə təqdim edilib.

Hakim deyib ki, həmçinin həmin şirkətlər də dəymiş ziyanın 600 min manatını ödəyiblər.

Məhkəmə ibtidai istintaqa mənimsəmə epizodu üzrə şirkətlərin ödədiyi yekun məbləğlə bağlı məlumat almaq üçün müvafiq quruma sorğu göndərib. Hakim deyib ki, yaxın bir neçə gündə sorğuya cavab veriləcək.

Növbəti prosesi mayın 15-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər