Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağı oğurlamaqda təqsirli bilinən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.
Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.
Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə uşağı oğurlanan Aysel Əhmədovanın anası Zümrüd Hacıyeva ifadə verib. O, bildirib ki, təqsirləndirilən şəxsi tanımayıb. Qadının sözlərinə görə, hadisə baş verən günü Aysel keçmiş əri ilə görüşə gedib. O, bildirib ki, həmin gün nəvəsi oğurlanıb.
Zümrüd Hacıyeva azyaşlı uşağın pulla satılması ilə bağlı səslənən ittihama belə aydınlıq gətirib: “Mənim 4 uşağım var, mən öz uşaqlarımı satmışam ki, mənim balalarım öz uşaqlarını satsın? Çantamda çörək var, ona and olsun ki, bu qadın cinayətkardır, biz uşaq satan deyilik. Körpəmizi oğurlayıb”.
Sumqayıt şəhər 4-cü Polis Bölməsinin rəisinin müavini Kənan Nəbiyev ifadə verib: “Hadisə ilə bağlı qaynar xətdən bizə məlumat gəldi. Dərhal Aysel xanımı bölməyə dəvət etdik. Hadisənin təfərrüatlarını öyrənəndən sonra qadının əlamətlərini dəqiqləşdirdik. Hadisə yerindəki təhlükəsizlik kameralarından qadını tapdıq. Bir müddət keçəndən sonra qadının Xırda Babayeva olduğunu öyrəndik. Evinə getdik”.
Məhkəmə iclası yanvarın 14-də davam etdiriləcək.
Hacı Zeynalov