Bakının Sabunçu rayonunda 1991-ci il təvəllüdlü Oqtay ər-arvad münasibətində olduğu Gülşəni (adlar şərti verilib – red.) qısqanclıq zəminində öldürməyə cəhd edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Oqtay onunla birlikdə yaşamaqdan imtina edərək ayrılmaq istəyən Gülşəni öldürməyi qərarlaşdırıb.
Niyyətini həyata keçirməkdən ötrü Gülşənin ofisiant kimi işlədiyi Sabunçu rayonunda yerləşən “Krevetka” adlı restoranının önünə gəlib. İşdən çıxan Gülşənə küçədə yumruq zərbəsi vurub, daha sonra bıçaqla xəsarətlər yetirib.
17 bıçaq xəsarəti alan Gülşən hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Oqtayın barəsində Cinayt Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
“Vaxt keçirmək xoşuma gəldi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Oqtay ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2017-ci ildə Sevinclə ailə həyatı qurub: “Həmin evlilikdən Vəli və Elmira adlı 2 övladım doğuldu. Taksi sürərək qazandığım pulla ailəmi təmin edirdim. Üç il əvvəl anam vəfat etdikdən sonra depressiya yaşadım. Anamın ölümü mənə çox pis təsir etdi. Həmin vaxtlarda xatırlamadığım sosial şəbəkədə Gülşənlə yazışmaqla tanış oldum.
Bir neçə gün sonra “Qara Qarayev” metrostansiyasının yaxınlığında görüşdük. Gülşənlə vaxt keçirmək xoşuma gəldi. Gülşənə bağlandım və tez-tez onunla görüşməyə başladım. Tanışlıqdan təxminən 2 ay sonra arvadım Sevincə onunla münasibətim barədə danışdım. Həyat yoldaşım bunu çox pis qəbul etsə də, bir müddət sonra həyatımda başqa qadın olduğunu qəbul edəsi oldu.
Hadisədən təxminən 1 il əvvəl Gülşənlə Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evdə birlikdə yaşamağa başladıq. Bəzi vaxtlarda Sevinclə uşaqlarımın yaşadığı evə də gəlmişəm. Gülşənin 17 yaşlı Aydan adlı qızı vardı. Aydan Biləsuvar rayonunda Gülşənin anası ilə birlikdə yaşayırdı”.
“Mənə xəyanət etmədiyini bildirdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, Gülşənlə bir yerdə yaşamağa başladıqdan sonra onun mobil telefonunda adını və nömrəsini xatırlamadığı bir kişi ilə yazışdığını görüb: “Maraqlandıqda Gülşən məni çox istədiyini, mənə xəyanət etmədiyini, telefonla yazışdığı adamı çoxdan tanıdığını, daha yazışmayacağını bildirdi. Gülşən həmin adama mobil telefonda təxminən “Tərlandan ayrıldım, Türkiyəyə gedərik” tipli bir mesaj yazmışdı.
Gülşənə bağlandığım üçün onun xoş sözlərindən sonra barışdım və münasibətlərimiz normal davam etməyə başladı. Təxminən hadisədən 6 ay öncə Gülşənin mobil telefonunda yenə başqa bir kişi ilə yazışdığını gördüm. Gülşən yenə səhv etdiyini bildirdi və onu bağışlamağımı xahiş etdi. Yenə onunla barışdım”.
“Saf ürəyim və saf sevgim olduğunu bildirdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, birlikdə olduqlarıü müddətdə Gülşən ondan heç bir şey istəməyib, əziyyəti də özü çəkib: “Ancaq özüm də laqeyid yanaşmamışam, güçüm çatanı etmişəm.
Hadisədən təxminən 1 ay əvvəl Gülşən Bakıxanov qəsəbəsində yerləşən “Krevetka” adlı restoranda işləməyə başladı. Orada işləməyə başladıqdan sonra evə gələrək mənə rəfiqələrinin sevgilililərinin onlara “İphone” markalı telefon, avtomobil aldıqlarını və həmin şeyləri istədiyini bildirdi. Mən taksi sürücüsü olduğumu, ona avtomobil, telefon almağa maddi imkanımın çatmadığını bildirdim.
Gülşənə heç nəyim olmadığını, amma ona saf ürəklə sevgi bəslədiyimi dedim. Bundan sonra Gülşən evdə mənimlə danışmadı, mənə pis münasibət göstərdi. Ondan bu münasibətin səbəbini soruşsam da, cavab vermədi, danışmaq istəmədi. Gülşəni çox qısqandım. Ondan ayrılaraq arvadımla yaşadığım evə getdim və son bir ayı Gülşəndən uzaq qaldım”.
“Cəhənnəm ol, çıx get...”
Oqtay qeyd edib ki, 14 oktyabr 2022-ci ildə təxminən gecə saat 2 radələrində yaşadığı evdən çıxıb və Gülşənin işlədiyi “Krevetka” restoranına qədər piyada gəzə-gəzə gəlib: “Saat təxminən 3 radələrində restoranının qarşısına çatdım. Həmin vaxt Gülşənin restorandan çıxdığını gördüm. Məni görəndə əvvəlcə qorxdu. Çox pis tonda məndən niyə gəldiyimi, nə istədiyimi soruşdu.
Gülşənə əvvəlcə yalandan ölkədən getmək istədiyimi bildirdim, sonuncu dəfə onu görmək üçün gəldiyimi dedim. Sonra isə onunla danışmaq, bir kənara çəkilərək bir-iki dəqiqə söhbət etmək, belə etməsinin səbəblərini aydınlaşdırmaq istədiyimi dedim. Gülşənlə danışarkən onun mobil telefonuna zəng gəldi. Telefon “titrəşim” rejimində olduğundan zəng gəldiyini bildim.
Son zamanlar Gülşənin başqa mobil nömrəsinin də olmasından şübhələndim. Zəng edənin kimliyi ilə maraqlandıqda, Gülşən mənə “cəhənnəm ol, çıx get, nə istəyirsən məndən?” dedi.
Bu zaman çox əsəbləşdim və sol əlimlə Gülşənin bədəninin üst nahiyəsindən yumruqla vurdum. Yumruqdan sonra Gülşən arxası üstə yerə yıxıldı”.
“Təslim oldum”
Oqtayın ifadəsinə görə, bu zaman Gülşənin mobil telefonu cibindən yerə, onun önünə düşüb: “Telefonu götürdüm, zəngə cavab verdikdə bir nəfər adını bilmədiyim kişi məndən kimliyimi, Gülşənin harada olduğunu soruşdu. Ona Gülşəni vurduğumu və altımda olduğunu dedim.
Gülşəndən həmin adamın kim olduğunu soruşdum, yalandan iş yoldaşımdı dedi. Gülşəndən gecənin bu saatında və işdən yeni çıxmasına baxmayaraq iş yoldaşının ona nə üçün zəng etdiyni soruşdum. Əsəbimə hakim ola bilmədim. Gödəkçəmin cibindən bıçağı çıxardım və Gülşənin bədəninin müxtəlif nahiyələrinə, hardan gəldi bıçaq zərbələri endirməyə başladım.
Gülşənin bədəninin hansı hissəsinə vurduğumu dəqiq bilməmişəm. Birinci zərbəyə müqavimət göstərsə də, sonra heç bir müqavimət göstərmədi. Bıçaq zərbəsi endirdikcə “ay mama” deyərək qışqırırdı.
Xatırladığıma görə bıçaq zərbələrinin təsirindən artıq Gülşənin müqaviməti qırıldı və arxası üstə çevrildikdə onun bel hissəsindən də bıçaqla vurdum. Ətrafdan qışqırıq səsləri eşitdim.
Gülşənin səsinə insanların yaxınlaşacağından qorxduğum üçün bıçaq əlimdə hadisə yerindən qaçdım. Həyəcanlı olduğumdan Gülşənin mobil telefonu da əlimdə qalmışdı. Amma mobil telefonu aparmaq kimi bir niyyətim olmayıb.
Təxminən 400-500 metr sonra bıçağı küçəyə atdım və bu zaman polis avtomobilinin işıqlarını gördüm. Buna görə təslim olmağa qərar verdim. Polis avtomobilinə yaxınlaşdım və təslim oldum. Gülşəni mobil telefonunu polislərə təqdim etdim, hətta cinayəti törətdiyim bıçağın yerini də göstərdim”.
“Bunu öyrəndikdə şoka düşdüm”
Təqsirləndirilən deyib ki, Gülşəni bıçaqla vurmasına səbəb onu qısqanması, mobil telefonuna başqa kişidən gələn zəng, xəyanət və alçaldıldığıını düşünməsi olub: “Gülşənin restoranlarda ofisiant kimi işləməsini qəbul etmədim. Restoranda daim kişilərlə ünsiyyət qurmalı olub ki, bunu da qəbul etməmişəm. Ondan ayrılmağı da istəməmişəm. Gülşənə sevgim, bağlılığım məni rahat buraxmadığından hadisə günü onunla dil tapmağa, barışmağa getdim. Onu öldürmək istəməmişəm.
Baş verən mübahisələr zamanı mən və Gülşən bir-birimizi təhqir etmişik. Təhqirlər qarşılıqlı olub. Gülşənin mənə xəyanət etdiyini fikirləşmişəm. Bu üsulla ondan qisas almaq istəmişəm. Gülşənə 12 bıçaq zərbəsi vurduğumu təqribi bilmişəm. Donradan 21 bıçaq zərbəsi vurduğumu öyrəndikdə özüm şoka düşdüm”.
“Günah mənim özümdə olub”
Cinayət işi üzrə zərərçəkmiş Gülşənin sözlərinə görə, heç vaxt rəsmən ailə həyatı qurmyıb:
“Amma mənim Aydan adında bir qızım var. Təxminən son 10 il ərzində Bakı şəhərində yaşamışam. Qızım isə Biləsuvar rayonunda valideynlərimlə qalırdı.
Təxminən 2 il öncə sosial şəbəkədə Oqtayla tanış oldum. Bir müddət yazışdıqdan sonra “Qara Qarayev” metrosunun yaxınlığında görüşdük. Oqtay ilə vaxt keçirmək xoşuma gəldi, münasibətlərimiz daha da yaxınlaşdı. Bildiyim qədəri ilə Oqtay evli olub. Onun evli olmasını qəbul etməmişəm.
Oqtay arvadından ayrıldıqdan sonra mənimlə birlikdə yaşamağa başladı. O, taksi sürücüsü işləyirdi, qazandığı pulla həyatını təmin edirdi.
Hadisənin baş verməsinin, vəziyyətin bu yerə çıxmasının səbəbkarı mən olmuşam. Oqtayın qətiyyən günah olmayıb. Günah məndədir. Öz problemlərimi özüm həll etmək istəmişəm. Ancaq güçüm çatmayıb. Əsəb keçirmişəm, əsəblərimi də Oqtayın üzərinə tökmüşəm”.
“Xəyanət etməmişəm”
Zərərçəkmiş qeyd edib ki, Oqtayla münasibəti əvvəllər yaxşı olsa da, 2021-ci ilin yay aylarında Oqtayın qısqanclığı başlayıb: “Məni işimlə əlaqədar qısqanmağa başladı. Restoranların birində ofisiant işləyirdim. Oqtay restorana gələn müştərilərdən biri ilə gülərüz danışdığım üçün məni qısqandı, evdə aramızda mübahisə baş verdi. Bundan sonra Oqtayın qısqanclığı artmağa başladı.
Mənə heç kimlə danışmamağı, heç kimlə əlaqə saxlamamağı tapşırdı. Bunu qəbul etmədiyimdən aramızda tez-tez mübahisələr düşdü. Tez-tez mübahisə etsək də, hüquq-mühafizə orqanlarına müraciət etmədim.
2022-ci ilin sentyabrın ortalarında Oqtay birlikdə yaşadığlmız evi tərk etdi. Mənə artıq ayrıldığımızı, bir daha qarşıma çıxmayacağını bildirdi. Subay və tək olduğum üçün başqası ilə, iş yoldaşımla münasibət qurdum. Amma aramızda başqa heç nə olmayıb. Biz sosial şəbəkələrdə yazışmışıq. Oqtayla birlikdə olduğum müddətdə ona xəyanət etməmişəm”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Oqtay 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.