Bakı Ağır Cinayətlər Məhkəməsində özünü Dövlət Neft Şirkətinin işçisi kimi göstərək vətəndaşlara qarşı dələduzluq edən Şirvan şəhər sakini Müşfiq İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Müşfiq İsmayılovun tutulması üçün əməliyyatı Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi keçirib. Müşfiq İsmayılov Bakı şəhər sakini Samir Xəlilovu Dövlət Neft Şirkətinə işə düzəldəcəyinə söz verib. O, bu yolla Samir Xəlilovdan 1000 manat alıb.
Lakin uzun müddət keçsə də, Müşfiq İsmayılov vədinə əməl etməyib. Aldandığını başa düşən Samir Xəlilov 25-ci polis bölməsinə şikayət edib. Müşfiq İsmayılovun ətrafında aparılan araşdırmalar zamanı onun başqa bir dələduzluq əməli də üzə çıxıb. O, hüquq-mühafizə orqanlarında güclü əlaqələrinin olması adı ilə Bakı şəhər sakini Tayfur Əliyevi də aldadıb. O, Tayfur Əliyevin atasının həbsdən azad olunması üçün 9000 manat pulunu alıb. Tayfur Əliyev həbsdə olan atasının azad olunması üçün pulu verəndən sonra birlikdə Binəqədi rayon Məhkəməsinə gediblər. Tayfur məhkəmənin qarşısında gözləyib, Müşfiq İsmayılov isə məhkəmənin inzibati binasından içəri girib.
Bir qədər sonra məhkəmədən çıxan Müşfiq İsmayılov deyib ki, onun atasının həbsdən azad olunması üçün 9000 manat istəyirlər. O da atasının həbsdən azad olunması üçün deyilən pulu verməyə razı olub.
Tayfur Əliyev pulu verib, amma Tayfurun atası həbsdən azad olunmayıb. Müşfiq məsələnin alınmadığını deyib, pulun 4000 manatını qaytarıb, qalan pulu da qaytaracağına söz verib. Bir neçə ay keçəndən sonra Tayfur Müşfiq İsmayılovla əlaqə saxlaya bilməyib. Müşfiqin telefonunu zəng çatmadğını görən Tayfur Əliyev şikayət etməli olub. İstintaqa verdiyi ifadəsində Müşfiq İsmayılov törətdiyi cinayəti etiraf edib.
Əməlindən peşman olduğunu deyən Müşfiq İsmayılovun sözlərinə görə, məqsədi Tayfur Əliyevin həbsdə olan atasını azadlığa çıxarmaq olub: “Tayfurun atasına kömək etmək məqsədilə pul almışam. Amma danışıqlar baş tutmadı, pulun bir hissəsini qaytardım, qalanını isə qaytaracaqdım”.
Müşfiq İsmayılov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib. Məhkəmənin hökmü ilə Müşfiq İsmayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov