17 Oktyabr 2023 15:28
2 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Şakir Qonaqov ifadə verib.

Teleqraf.com xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən Xaçaturyanı tanımayıb. 1991-ci ildə qardaşı Musa Qonaqov Meşəli kəndində həlak olub. Musa həmin dövrdə könüllülər batalyonuna xidmət edirmiş:

"Qardaşım dekabrın 23-də şəhid oldu və kəndə gətirildi. Sona kimi döyüşmüş, sonuncu gülləni özünə vurmuşdu. Ermənilər qardaşımın cəsədin güllələmişdilər. Bu şəxsə ölüm cəzası istəyirəm".

Digər zərərçəkmiş Roza Qasımova da Vaqif Xaçaturyanı şəxsən tanımadığını deyib: "Onda mənim 25 yaşım var idi. Həmin dövrə qayıtmaq istəmirəm. Danışmaq çətindir. Anamı öldürdülər, kənddə basdırmadıq. Laçının kəndində basdırdıq, yası da başqa yerdə verdik. Qadına, yaşılya rəhimləri gəlmirdi. Atam Ənvər, anam Nübar şəhid oldu. Anam deyirdi ki, kəndin kənarında işıq gəlir, bunlar kəndi mühasirəyə alırlar. Beləsinə ölüm cəzası verilməlidir".

Zərərçəkmiş Mahmudov bildirib ki, mülki müdafiə komandasında rəis müavini olub: "Həmin dövrdə bizdə salah qalmamışdı, silahımızı yığmışdılar. Məqsəd o idi ki, Meşəli kəndindən heç kim sağ çıxmasın. Çox dəhşətli hadisədir. Kəndi mühasirəyə almalarını oğlum mənə dedi. Arvadıma, uşaqlara dedim ki, çıxın. Onlar da mənə dedilər ki, sənsiz getməyəcəyik. Dedim, məndən qorxmayın, məndə silah var. Sonra anam və digər ailə üzvlərim kənddən çıxdılar. Artıq ermənilər plomeyotları qurmuşdular. Atəş zamanı anam şəhid oldu. Daha sonra Xocalıdan, Kosalardan kömək gəldi, bizi xilas etdilər. Kənd sakinləri deyirdilər ki, Vaqif də hücum edənlər arasında idi, amma mən görməmişdim".

Vaqif Xaçaturyan deyib ki, həmin hadisələr zamanı kənddə olmayıb.

Zərərçəkmiş qeyd edib ki, 80 yaşlı anasını qətlə yetiriblər, bunu bağışlamaq olmaz.

Daha sonra ifadə verən Sabir Hacıyev deyib ki, Vaqif Xaçaturyanı tanıyırmış: "Mən xəstə aparırdım. Ramin Kazımovla birlikdə idik. Vaqif qarşımıza çıxdı. Ramin onu tanıdı. Biz çıxdıq getdik. Geri qayıdanda yenə qarşımıza çıxdılar. Dedim, bunlar bizi girov götürəcəklər. Maşında qadın da var idi. Biz bir qədər gedəndən sonra maşını vurdular. Ramin ayağında yaralandı. Biz irəli getdik, orada post var idi. Yaralını xəstəxanaya apardıq. Sonradan eşitdim ki, maşına atəş açan Vaqif idi".

Meşəli hadisəsindən danışan zərərçəkmiş deyib ki, yaşlı qadını gözlərini qabağında başından vurulub, sonra da kəndi dayanmadan atəşə tutublar. Onun sözlərinə görə, Meşəlidə də, Xocalıda da Vaqif Xaçaturyan hücumda iştirak edib. O bildirib ki, günahsız insanların qanı yerdə qalmasın, Vaqif Xaçaturyana ən ağır cəza verilsin.

Zərərçəkmiş Ramin Sadıqov deyib ki, silahlı dəstə üzvləri əvvəlcə onun nənəsini, sonra babasını güllələyiblər. Həmin dövrdə azyaşlı olan zərərçəkmiş bildirib ki, ermənilər onu "Niva"ya mindiriblər və bağ evinə aparıblar: "Bir ay ermənilərin əlində qaldım. Mən uşaq idim, heç nə başa düşmürdüm. Sonra Əsgəranda məni üç erməni ilə dəyişdirdilər. Əvvəlcə mənim öldüyünü düşünürdülər. Çünki nənəmi və babamı öldürəndə evi yandırmışdılar. İki gün kənddə qaldım, sonra məni Xankəndiyə apardılar. 26 gün girovluqda qalmışam. Həmin vaxt 10 yaşım var idi".

Zərərçəkmiş Rəhilə Mehrəliyeva da Vaqif Xaçaturyanı yox, onun atası tanıyıb: "Süfrəmizdə çörək yedilər, başımıza bu oyunları açdılar. Vaqif atamı yaxşı tanıyar. Hamı tankla gedirdi, atam öz maşını ilə gəlirdi. Bunların heç birindən qorxmurdu. Bunlar qorxaq idilər, xarici havadarları hesabına bu müsibtləri gətirdilər bizim başımıza. Gəncliyimi əlimdən aldılar".

Zərərçəkmiş deyib ki, Meşəlidə ermənilər onlara elektrik verməyiblər, öz torpaqlarında girov kimi yaşayıblar: "Özümü qorumaq üçün əlimdə duz saxladım ki, erməni gələndə gözünə atım, bizi görməsinlər. Ailədə 20 şəhidimiz var. Rəhmətlik nənəm deyirdi ki, ermənilər düşməndi".

Zərərçəkmiş bildirib ki, həmin hadisələr dövrdə 1 yaşlı oğlu Amin qızdırma içində olub: "Hadisədən əvvəl evimizə basqın etdilər, evi axtardılar. Sonra getdilər. Kəndi mühasirədə saxladılar. Hadisə zamanı uşağın xırıldadığını eşitdim. Baxdım ki, uşağım ölüb, mənim xəbərim yoxdur. Bu erməniyə ən ağır cəza verilməsini istəyirəm".

Zərərçəkmiş Barat Novruzov bildirib ki, onu girov götürüblər, məzarın yanında başını kəsmək istəyiblər: "Dekabrın 23-də müdafiə postunda idik. Milli Qəhrəman Hidayət Rüstəmov da yanımızda idi. 3-5 dəqiqə yatmışdıq ki, atəş səsi gəldi. Aman vermirdilər, onlarla danışdıq ki, yol verin, uşaqlar qadınlar çıxsın, biz sizə təslim olaq. Bacım evdən çıxan kimi güllələdilər. Elmira adlı qadını da vurdular. O, ağır yaralanmışdı. Səsgücləndirici ilə qışqıra-qışqıra yaxınlaşırdllar. Məqsəd o idi ki, bizi kənddən sağ buraxmasınlar.

Kəndin baş tərəfindən yol var idi, oranı tuta bilməmişidlər. Amma biz ora tərəf gedə bilmədik. Hidayət Rüstəmov ermənilərlə yenə danışmağa başladı. Bizi kəndin ortasına qədər apardılar. Balaca bacım məni qoyub getmək istəmirdi. Sonra atamı da vurdular. Atam dedi ki, "mən öldüm", yerə yıxıldı. Atamın gözünü örtdüm. Hər tərəfdən atəş açırdılar. Mən danışdım ki, yol verin, uşaqlar, yaşlı insanlar çıxaraq. Balaca bacımı sinəsindən vurdular. Cavab atəşi açırdım ki, insanlar xilas olsun.

Artıq mənim patronlar qurtarmışdı. Evimizi yandırdılar. Hidayət də vurulmuşdu. Atamın meyitini çıxarmaq istəmirdim. Bilirdim ki, atamın başını kəsəcəklər və aparacaqlar. Çünki atamın başına pul qoymuşdular. Mən isə özümü müdafiə edirdim ki, bəlkə kömək gələcək.

Evin yandığını gördüm, çölə çıxdım. Məni vurmaq istəyirdilər, evimizdə çörək yeyən Ərmayis dedi ki, onu vurmayın, bilirsiz o kimin oğludur? Məni tutdular və dedilər ki, Rubenu sən öldürübsən? Dedim ki, mən öldürməmişəm. Dedilər, sən öldürməmisən, atan öldürüb. Məni də götürüb apardılar. Soruşdular ki, bu kimdir? Dedilər ki, bu lazımdır. Rubenin məzarında başımı kəsəcəkdilər. Orada ayağımı kəndirlə bağlayacaqdılar. Əllərindən çıxdım və qayadan özümü atdım. Çayın kənarı ilə getdim ki, məni görməsinlər. Amma yolda məni gördülər, atəşə tutdular. Sonra məni yaxaladılar".

Zərərçəkmiş qeyd edib ki, Vaqif Xaçaturyan indi özünü müdafiə edir, insanlığa sığmayan cinayətlər törədib.

Barat Novruzov qeyd edib ki, onların ailəsindən 5 nəfər şəhid olub.

***

13:10

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Eldar Salmanov ifadə verib.

Teleqraf.com xəbər verir ki, zərərçəkmiş Vaqif Xaçaturyanı tanıdığını deyib: "Qönçə xalamı, Əvəz dayımı evin içinə qatdılar, evi yandırdılar. Vaqif Xaçaturyan dəfələrlə bizim evdə çörək yeyib. Amma bu qırğını törətdi. Çox araşdırma aparmışam, belə vəhşilik görməmişəm. Ölmüş meyitini gözünü çıxarırdılar. Qulaq kəsənlərə, döş kəsənlər, hamilə qadının qarnını yaranıb çıxaranlara yaxşı pul verirdilər.

Meşəlidə bu şəxslər insanlara zülm edirdilər. Gözümüzün qabağında Novruzun evinə od vurdular. Qızları içəridə diri-diri yandırdılar. Qapını atəşə tuturdular ki, evdən çölə çıxan olmasın. Novruz dayının qızlarını yandırmasını gözlərim ilə gördüm".

Zərərçəkmiş deyib ki, Vaqif Xaçaturyanla birlikdə sürücü işləyən Rəfinin oğludur. Kənddən yaşlı insanların, azyaşlı uşaqların çıxması barədə əvvəlcədən xəbərdarlıq edilmədi. Silahlı birləşmə kəndə qəfil hücum etdi.

Qeyd edib ki, Vaqif şəxsən onların maşının qarşısını kəsib, onu görəndə seviniblər ki, Vaqif tanışdır: "Amma Vaqif də onunla birlikdə olan şəxslərlə maşınımızı atəşə tutdular. Vaqifin əlində balta da vardı".

Zərərçəkmiş "Əvəz kişini evində çörək yemişdin, onun qızını, gəlinini niyə yandırdın" deyə sual etsə də, Vaqif Xaçaturyan onun suallarına cavab verə bilməyib.

Daha sonra sabiq polis işçisi, Meşəli kənd sakini Nemət Rəcəbov ifadə verib. Hadisələrin baş verməsindən danışan zərərçəkmiş Vaqif Xaçaturyana ən yüksək cəza verilməsini istəyib.

Proses günün ikinci yarısında davam edəcək.

***

12:38

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş İlham Kazımov ifadə verib.

Teleqraf.com xəbər verir ki, zərərçəkmiş şəxsin sözlərinə görə, Vaqif Xaçaturyanın özünü yox, atasını tanıyıb.

Meşəli kəndinə hücumdan danışan zərərçəkmiş bildirib ki, həmin gün 25 nəfər qətlə yetirilib, 24 nəfər isə yaralanıb: "Həmin hadisələr zamanı atam da şəhid oldu. Atam Xəlil ovçu idi. Onu vurdular ki, nişan ala bilməsin. Uşaqları da öldürdülər. Mənə Qasımova Nübar dedi ki, bizimkiləri Vaqifin dəstəsi qırdı. Mən də həmin hadisələrdən sonra Vaqifi tanıdım. Vaqif tutulanda dedim ki, düşmənimizi tutdular. Ona ömürlük cəza verilsin".

Zərərçəkmiş bildirib ki, Nübar Qasımova ayağından yaralanmış, əri isə həlak olmuşdu. Onun sözlərinə görə, məktəbin mühafizəsini həyata keçirib, çalışıb ki, məktəbə erməni silahlı şəxs girməsin: "Üç güllə atdılar, sonra yerdən-göydən od yağdı. Elə bil ki, bu atəş parol idi. Laçın rayonuna tərəf yol açıq idi, çox adam o tərəfə çıxdı. Yoxsa daha çox həlak olanlar olacaqdı. Biz üç saat müqavimət göstərdik, sonra silahlarımız tükəndi".

İlham Kazımov deyib ki, Vaqif Xaçaturyan özünü artistliyə qoyur, guya heç kimi tanımadığını bildirir. O təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona ömürlük cəza verilməsini istəyib.

Digər zərərçəkmiş, sabiq polis işçisi Kamal Rəcəbov da ifadə verib: "1988-ci ildən sonra ermənilər vəhşiləşdilər. Bizim maşınları daşladılar. Hadisə günü kəndimizə hücum etdilər, güllə dolu kimi yağırdı".

Zərərçəkmiş bildirib ki, hadisə zamanı atası şəhid olub, özü isə yaralanıb.

Zərərçəkmiş Vaqif Xaçaturyanın yalan danışdığını bildirib, ona ömürlük cəza istəyib: "Vaqif həmin hadisələr zamanı batalyon komandiri idi. Bir ailəni qırdılar, 17 yaşında qızı, ata və anasını öldürdülər. Elə hücum etmişdilər ki, özünüzü müdafiə edə bilmirdik".

Vaqif Xaçaturyan bu zərərçəkmişi də, onun qardaşını da tanıdığını bildirib. Amma zərərçəkmiş onu tanımadığını söyləyib. Zərərçəkmiş Badara kəndində "Donuz otaran Çərkəzi" tanıdığını bildirib.

Azərbaycan dilində danışan Vaqif Xaçaturyan zərərçəkmiş şəxsi tanıdığını deyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər