24 Oktyabr 2023 11:46
1 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Ziba Mehrəliyev ifadə verib.

Teleqraf.com xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, hadisənin şahidi olub, ermənilər hər kəsə atəş açırdılar. Bildirib ki, hadisə zamanı onun 18 yaşı olub.

Qeyd edib ki, hadisədən sonra qırğınları törədənlərin Vaqif Xaçaturyan, Armayısın adlarını çəkirdilər: "Səsini eşidənlər tanıyırdı. Ən ağır cəza verilməsini istəyirəm. Ayıb olsun. Mənim gözlərimə baxma, abırsız".

Digər zərərçəkmiş Çərkəz Mehrəliyev deyib ki, Vaqif Xaçaturyanın qardaşını tanıyır: "Cavan vaxtı özünü də görmüşəm.1991-ci il dekabrın 23-də Badara erməniləri kəndə gəldilər. Kəndi yandırdılar, insanları öldürdülər, yaraladılar. Qabağına çıxana atırdılar. Qadınların ayaqlarından vururdular ki, əziyyət çəksinlər, gedə bilməsinlər. Meşəli kəndi ilə Badara ermənilərinin əvvələr də mübahisələri olub. Bizdən kəndi tərk etməyimizi tələb edir, kəndin onlara məxsus olduğunu deyirdilər. Silahları vardı. Dəfələrlə yolumuzu kəsmişdilər.

Vaqif Xaçaturyanın orada olmaması mümkün deyil. Badara kəndinin bütün erməni sakinləri Meşəliyə hücum çəkmişdilər. Vaqif Xaçaturyan da kəndə hücum edənlər arasında idi".

Prokurorun "Meşəli sakinlərindən üzr istəmək fikiriniz varmı" sualına Vaqif Xaçaturyan belə cavab verib: "Mən bütün Azərbaycan xalqından üzr istəyirəm. Amma özüm həmin hadisələrdə iştirak etməmişəm".

***

11:23

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş Bəyim Rəhimova ifadə verib.

Teleqraf.com xəbər verir ki, zərərçəkmişin sözlərinə görə, 1991-ci il dekabrın 23-də kəndə ermənilər hücum edib: "Hücum zamanı mən və qardaşım Salman yaralandıq. Evdə körpə uşaq da vardı. Mən özüm həmin dövrdə kənddə tibb bacısı işləyirdim. Yaralılara da yardım edirdim. Amma tibbi təchizatımız yox idi. Kəndin yolunu bağlamışdılar. Mühasirədə idik. Bu hadisə zamanı evlərimizi dağıtdılar".

Zərərçəkmiş təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyib.

Digər zərərçəkmiş Teymur Salmanovun sözlərinə görə, hadisə vaxtı 14 yaşı olub, baş verən basqın zamanı yaralanıb: "Hadisə günü səhər kəndə hücum etdilər. Azyaşlı uşaqlara da aman vermədilər".

***

10:56

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə proses keçirilir.

Teleqraf.com xəbər verir ki, zərərçəkmiş Meşəli kənd sakini Elnarə Ağayeva məhkəməyə teleqram göndərib.

O, prosesdə iştirak edə bilmir, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Vaqif Xaçaturyana ən ağır cəza verilməsini istəyib.

Daha sonra zərərçəkmiş Alış Alışov ifadə verib. Deyib ki, Vaqif Xaçaturyanı hadisədən əvvəl görüb:

"Biz elə bildik ki, Badara kənd sakinlərinin hamısı gəlib. Xaçaturyan və qardaşı Qurgen, digər şəxslər gəlmişdi. Vaqif də orada idi. Qənimət əlini qaldırdı. Dedi, əlini qaldırma, səni də öldürəcəyik. Balta ilə başından vurdular. Sonra da güllələndilər. Biz o zaman qısasimizi ala bilmədik. Onlar 800 ev idi, biz 80 ev. Vaqif də orada olub. Qəniməti öldürəndə Vaqif orada idi".

Vaqif Xaçaturyan hadisə yerində olmadığını deyəndə zərərçəkmiş ona belə cavab verib: "İndi burada boynuna almırsan. Adam kişi olar, etiraf elə. Sən orada yox idin? İnsanları qırğına verdiniz. 25 nəfər şəhid oldu. Meyitlərin də çoxunu yandırmışdılar. Əlamətlərindən meyitləri tanıyırdıq. Bu cür dəhşətli faciə görməmişdik. Qənimətgildən 4 nəfəri qətlə yetirdilər. Novruz kişi sona qədər döyüşdü. Qadınlar onun evinə yığışmışdılar. Sonda dedi ki, sizi qoruya bilmirım. Evdən çıxanda birinci Novruz kişinin qızını vurdular, bütün ailəsini öldürdülər. Çox ağır faciədir. Qarabağ da ilk itki verən Meşəli kəndindən olub. Vaqif Xaçaturyana ən ağır cəza verilsin".

Xaçaturyan Vaqif Çerkezoviç prokurorun suallarına cavabda deyib: "Bizim kənddən çoxusu bu hadisəni bilməyib. Kənardan xüsusi adamlar gəlib, o hadisəni törədiblər".

Bildirib ki, sonradan həmin kənddən iki nəfərin öldürüldüyünü eşidib. Özü heç bir yerə getməyib və həmin hadisələr zamanı Şuşada olub: "Mən o adam deyiləm".

Zərərçəkmiş Alış Alışov deyib ki, Vaqif Xaçaturyan yalan danışır: "Xaricdən o qədər adam gəlib? Sənin uşağın da gəlmişdi. Sadayın evinin yanında toplaşmışdız. Deyirsən ki, orada olmamısan. Bəs havayıdan qırıldı 25 nəfər? Bizim yolumuzu kəsirdilər.

Donuz saxlayan Xoren vardı. Yola suyu buraxırdı, maşınımız batırdı. Ərzaq gətirən maşınları atəşə tuturdular. Bizə nifrətləri vardı".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər