7 Fevral 14:01
2 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində 1971-ci il təvəllüdlü Mehdi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı, 1981-ci il təvəllüdlü Nərminəni öldürüb, qayınanası Lətifəyə (adlar şərti verilib – red.) isə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mehdi nikahın xitam olunması barədə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş arvadı Nərminə ilə görüşüb, onunla barışıq əldə etmək üçün 2022-ci ilin mayın 8-də günorta saatlarında birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, Novxanı bağ massivindəki evə gəlib.

Mehdi nikahın pozulmasının qarşısını almaq istəyib. Nərminə bu təklifi rədd edib, onu evə buraxmayıb.

Saat 14 radələrində Mehdi öz bağ evinin hasarından tullanaraq həyətə daxil olub və evdə olan Nərminədən barışıqla bağlı cavab gözləyib. Saat 16 radələrində Nərminə həyətə çıxıb, Mehdinin üzərinə gələrək yumruqla onun sinəsinə vurub, həyətdən çıxmasını təkrar tələb edib.

Mehdi həyat yoldaşının barışmaq istəmədiyinə əsəbləşəib və qisas almaq məqsədilə onu öldürmək niyyətinə gəlib. Cib bıçağı ilə Nərimənin anası Lətifənin gözü qarşısında çoxsaylı zərbələrlə onu öldürüb, qayınanasına isə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Mehdinin barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, 1992-1995-ci illərdə Tovuz rayonunda hərbi xidmət keçib: “Daha sonra Rusiyaya, Surqut şəhərinə getdim. Orada ərzaq məhsullarının satışı ilə məşğul olurdum. 1999-cu ildə Tovuz rayonuna gələrək ailəvi tanışlarımız Nərminə ilə ailə həyatı qurdum. Bu evlilikdən Təhminə və Sadiq adlı iki uşağımız dünyaya gəldi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2012-ci ildə uşaqların təhsili ilə əlaqədar Bakı şəhərinə gəlib və Nərimanov rayonundan 3 otaqlı mənzil alıb: “Nərminə daimi olaraq Bakı şəhərində yaşamağa başladı. Mən isə Surqut şəhərinə getdim. İldə 3-4 dəfə Bakıya gəlirdim. Ailəmin dolanışığı üçün tez-tez pul göndərirdim.

2016-cı ildə Bakının Xətai rayonunda 3 otaqlı ev, 2019-cu ilin yay aylarında isə istirahət etmək üçün Sumqayıt şəhəri, Novxanı bağlarında bağ evi aldım. Övladlarım təhsil almaq üçün Türkiyəyə getdikdən sonra Nərminə Xətai rayonundakı evdə qayınanam Lətifə ilə qaldı.

Nərminə 2019-cu ildən Nərimanov rayonunda uşaq bağçasında müəllimə kimi işləyirdi. 2021-ci ilin dekabr ayının sonlarında Rusiyadan Azərbaycana gəldim. 2022-ci il yanvarın 2-də Bakıda olarkən Nərminəni yataq otağına dəvət etdim. Lakin Nərminə yataq otağına gəlmədiyinə görə mübahisələrimiz düşdü”.

Mehdi qeyd edib ki, 2022-ci ilin yanvarın 30-da Rusiyaya gedib: “Oradan Nərminəyə zəng vursam da o, zənglərə cavab vermədi. Martın 30-da Bakıya qayıtdım. Nəriminə məni görən kimi "sənin nə işin var burda, nə üçün mənə deməmiş Azərbaycana gəlmisən" dedi, həmin gün saat 2-dək evə gəlmədi. Mənimlə yaşamaq istəmədiyini, boşanacağını dedi.

Rusiyadan pulsuz gəldiyimdən Nərminədən evdə olan pulları istədikdə, pul olmadığını söylədi, anası ilə birlikdə bacısı Sevilin Günəşli qəsəbəsindəki evinə getdi. Mənə pul vermədi və məhkəmədə görüşəcəyimizi dedi”.

Mehdinin ifadəsinə görə, daha sonra Əkbər adlı polis əməkdaşı ona zəng edib və nə üçün Azərbaycana gəldiyini soruşub: “Evə gedib seyfə açıb baxdım. Evdəki 165.000 dollardan 12.000 qalmışdı. Bundan başqa, seyfdə dəftər tapdım və Nərminənin pulları faizə verdiyini aşkar etdim. Bu haqda Nərminədən soruşduqda o, heç kimə pul vermədiyini, daha sonra məni görmək istəmədiyini və boşanacağını bildirdi. Üstümə ayaqqabı və müxtəlif əşyalar ataraq evdən qovdu. Daha sonra Nərminə boşanmaq üçün Tovuz Rayon Məhkəməsində iddia qaldırdı”.

Mehdi qeyd edib ki, 2022-ci il mayın 8-də günorta vaxtı Nərminə ilə barışmaq üçün qardaşı arvadı Səbinə ilə Novxanı qəsəbəsindəki bağa gediblər: “Səbinə qapını döydükdə Nərminə qapını açdı. Səbinə içəri keçdi, məni evə buraxmadılar. Bir müddət sonra hasarı aşaraq həyətə daxil oldum və təxminən 3 saat həyətdə oturdum.

Nərminə həyətə çıxanda məni gördü və "nə gəzirsən burda, çıx rədd ol burdan" deyərək üstümə gəldi. Məni təhqir etdi, yumruqla sinəmə vurdu. Əlində olan dəmir parçasını mənə tərəf atdı. QayInanam Lətifə ilə qardaşımın arvadı Səbinə evdəydilər.

Nərminənin hərəkətlərinə əsəbləşərək həyətdən bıçağı götürüb, onun müxtəlif nahiyələrinə vurmağa başladım. Sonra maşınla Nərimanov rayon polis idarəsinə gedərək təslim oldum. Bu zaman qayınanama necə xəsarət yetirdiyimi bilməmişəm”.

Təqsirləndirilən şəxs deyib ki, Rusiyada ticarətlə məşğul olduğundan Nərminə və övladları üçün aylıq 10.000 manatadək pul göndərib. Nərminə ilə aralarında mübahisəyı səbəb isə ona xəyanət etməsindən şübhələnməsi olub: “Nərminəyə aldığım “Toyota Rav 4” markalı maşında və evimin yataq otağında siqaret yandırmaq üçün istifadə olunan alışqan tapmışam. Halbuki Nərminə siqaret çəkən olmayıb”.

İş üzrə zərərçəkmiş Lərifənin sözlərinə görə, qızı Nərminə 1999-cu ildə Mehdi ilə evlənib:

“Evləndikdən sonra Nərminə və Mehdi Surqut şəhərinə gedərək orada yaşadılar. Nərminənin Mehdi ilə birgə nikahlarından Təhminə və Sadiq adlı uşaqları oldu. Onlar tez-rez Azərbaycana gəlib-gediblər. Mehdi ilə Nərminə evliliklərinin ilk vaxtlarından bir-biri ilə yola getməkdə çətinlik çəkirdilər.

2012-ci ildə Nərminə və Mehdi Bakı şəhərində gəldilər və Nərimanov rayonunda 3 otaqlı mənzil aldılar. Nərminə övladlarının təhsili ilə bağlı Bakı şəhərində yaşamağa başladı. Mehdi isə işlərinə görə Surqut şəhərinə qayıtdı. 2016-cı ildə Xətai rayonunda da ev aldılar. 2019-cu ildə Mehdi Novxanı bağlarından ev aldı. Nərminə Nərimanov rayonunda bağçada müəllimə işləyiyirdi”.

Zərərçəkmiş qeyd edib ki, 2022-ci il yanvarın 3-də Nərminə telefonla kiminləsə danışdığı üçün onunla Mehdi arasında mübahisə düşüb: “Mehdi mübahisə zamanı Nərminəni döydü. 2022-ci ilin mart ayının sonlarında Mehdi Azərbaycana qayıtdı və Nərminə ilə arasında mübahisə yarandı.

Nərminə boşanacağını dedi. Mehdi barışmaq üçün qardaşı arvadı Səbinə ilə bir neçə dəfə gəlsə də, Nərminə barışmaq istəmədi.

2022-ci il mayın 8-də saat 12 radələrində Novxanı qəsəbəsində bağda olarkən qapı döyüldü. Nərminə özü qapını açaraq Mehdinin qardaşı arvadı Səbinənin gəldiyini dedi. Onunla evdə bir neçə saat oturduq.

Səbinəni yola salmaq üçün çölə çıxanda Mehdinin həyətdə yelləncəkdə oturduğunu gördük. Bizi gördükdə Nərminə ilə mübahisə etdi. Sonra onu sürüyərək həyətin ortasına apardı və bıçaqla bədənin müxtəlif nahiyələrinə vurmağa başladı. Mehdiyə mane olmaq üçün ona yaxınlaşdım. Əlindəki bıçaqdan tutdum. Bu zaman mənə 4 bıçaq zərbəsi dəydi”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mehdi 16 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mehdinin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi hökmün dəyişdirilməsini, Mehdinin barəsində daha yüngül cəza təyin olunmasını istəyib.

Şikayət araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin edilməyib.


Müəllif: Hacı Zeynalov