14 Fevral 18:14
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış ediblər.

Rauf Hüseynovun vəkili bildirib ki, müvəkkili bu qətl hadisəsində günahkar deyil. Vəkil prokurorun Rauf Hüseynova ağır cəza istədiyini deyib. Qeyd edib ki, zərərçəkmişlər Rauf Hüseynovun evinə hücum ediblər, anasını və bacısını təhqir ediblər. Vəkilin sözlərinə görə, hadisə zamanı Rauf Hüseynovun evinə 7-8 nəfər əlində dəmir alətlərlə basqın ediblər. Onun sözlərinə görə, Rauf Hüseynov əli silahlı sərxoş şəxslərə bıçaqla cavab vermək məcburiyyətində qalıb.
Vəkil məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.

Daha sonra çıxış edən təqsirləndirilən Ceyhun İsayevin vəkili deyib ki, müvəkkilinin ailə üzvləri zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd ediblər, amma müsbət nəticə olmayıb. Vəkil deyib ki, müvəkkilinə Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə düzgün ittiham verilməyib. Vəkil bildirib ki, təqsirləndirilən şəxslər evlərinə basqın edən şəxslərə qarşı özlərini zəruri müdafiə məqsədilə cinayəti törədiblər. Vəkil Ceyhun İsayevin məhkəmədən həbsdən azad olunmasını xahiş edib.

Bundan sonra təqsirləndirilən şəxslər son söz deməsi üçün vaxt verilib.

Növbəti proses fevralın 16-da davam edəcək.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Rauf Hüseynov və Ceyhun İsayevin ömürlük, Ramin İsayevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, qətl hadisəsi ötən il fevralın 11-dəz gecə saat 2 radələrində Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra Ceyhun İsayev, Rauf Hüseynov və Ramin İsayev şübhəli şəxs qismində saxlanılıb.

Məlum olub ki, zərərçəkmişlər İsayevlərin evində kirayədə qalan Rauf Hüseynovla mübahisəni həll etmək üçün həmin evə basqın ediblər. Kütləvi dava zamanı qətl hadisəsi törədilib.

Rauf Hüseynov və Ceyhun İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və Ramin İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Qətlə yetirilən İlkin Rzayev keçmiş polis əməkdaşı olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər