Bakı sakininə fahişəliyə görə 464 saatlıq cəza
Lalə Qüdrətovanın əxlaqsızlıq yuvası Evində fahişəxana saxlayan qadın islah işləri cəzasına məhkum edildi
Bakı Apelyasiya Məhkəməsində evində qadınları cinsi istismara məruz qoyan Lalə Qüdrətovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Lalə Qüdrətovanın Nizami rayonu Q.Qarayev prospektindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. O həm özü fahişəliklə məşğul olur, həm də qadınları bu işə cəlb edirmiş.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lalə Qüdrətova saxlanılıb. O, evində qadınların pul müqabilində kişi müştərilərlə görüşünü təşkil edib.
Lalə Qüdrətova Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddələri ilə ittiham edilib və Nizami rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
Hökmdən Baş Prokurorluq apelyasiya protesti verərək onun cəzasını ağırlaşdırılmasını istəyib. Prokurorluğun şikayəti üzrə məhkəmə araşdırmasını hakim Qədim Babayevin sədrliyi ilə keçirilib.
Prosesdə prokurorluğun şikayəti üzrə qərar elan edilib. Şikayət qismən təmin edilib. Qərara əsasən, Lalə Qüdrətova 464 saat ictimai işlərə cəlb ediləcək.
Hacı Zeynalov