Salyanda bir-neçə gün bundan əvvəl canavar hücumuna məruz qalan rayon sakini dünyasını dəyişib.
APA-nın Mil-Muğan bürosuna mərhumun qohumlarının verdiyi xəbərə görə, hadisə Salyan rayonunun ərazisində baş verib. Rayonun Qırxçıraq yaşayış massivinin sakini, 22 yaşlı Raqif Mirzəyev çöldə heyvanları otararkən canavar sürüyə hücum edib. Qoyunlara hücum zamanı “coban iti” ilə boğuşan canavarı vurmaq istəyən Raqif Mirzəyev əlindən yaralanıb.
Amma əlinin it və ya canavar tərəfindən dişlənməsinin fərqinə varmayıb. Buna ciddi yanaşmayan Rafiq Mirzəyevin bir neçə gün sonra səhhəti pisləşib. Həkimlərə olan gecikmiş müraciət isə nəticə verməyib. Bakı şəhərinə xəstəxanaya yerləşdirilən və quduzluqdan müalicə olunan Rafiq Mirzəyevin vəziyyəti pisləşdiyindən orada dünyasını dəyişib.
Salyan rayon yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, onlara canavar dişləməsi əlamətləri ilə müraciət edən olmayıb. Salyan baytarlıq idarəsi də əvvəl hadisədən məlumatsız olub. Çünki baş verən hadisə barədə onlara vaxtında müraciət edən olmayıb. Yalnız Raqif Mirzəyevin səhhəti pisləşəndən sonra onun canavar tərəfindən dişləndiyi haqqında onlara məlumat daxil olub.