27 Mart 16:44
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Xadijat Əliyeva dindirilməsinin qapalı keçirilməsini istəyib. Ziya Hüseynzadənin vəkilləri prosesin qapalı keçirilməsinə etiraz ediblər.

Raziyyat Əliyevanın vəkilləri isə bildiriblər ki, məhkəmənin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. Vəkillər fikirlərini belə əsaslandırıblar ki, Xadijat Əliyevaya Raziyyat Əliyeva ilə bağlı suallar veriləcək, bunun da ictimaiyyətə açıqlanması düzgün deyil.

Hakimlər belə qərara gəliblər ki, Xadijat Əliyevanın dindirilməsi qapalı keçirisin. Digər şahidlərin dindirilməsinin isə açıq məhkəmə iclasında aparılması qərara alınıb.

Daha sonra Raziyyat Əliyevanın anası Xadijat Əliyeva qapalı məhkəmə iclasında tərəflərin suallarını cavablandırıb.

Qeyd edək ki, Xadijat Əliyeva Raziyyat Əliyevanın Ziya Hüseynzadə tərəfindən döyüldüyünü sonradan bildiyini deyib.

Daha sonra digər şahidlər ifadə verib.

Növbəti proses aprelin 24-də davam edəcək.

Qeyd edək ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin mayın 26-da baş verdiyi müəyyənləşdirilib.

İddia olunub ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib.
İttihamdan göstərilib ki, 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətində olduğu Raziyyat Əliyevanın kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Buna görə həmin vaxt Raziyyat Əliyevanın əllərini bağlayıb, ona xəsarətlər yetirib.

Bundan başqa, Ziya Hüseynzadə həmin ilin dekabr ayında yenə də Raziyyat Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. O, Raziyyat Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Raziyyat Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.
Həmçinin Ziya Hüseynzadə həmin ilin dekabr ayının müxtəlif günlərində Raziyyat Əliyevaya işgəncə verib.
Daha sonra Ziya Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində "Mercedes" markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.

Ziya Hüseynzadə Raziyyat Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. O, gecəyarısı həmin ünvana gedərək, Raziyyat Əliyeva və Xadijat Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.

İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub.

Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.

Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumu olduğun iddia edilir.Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.

Raziyyat Əliyeva 2017-ci ildə Azərbaycan gözəli seçilib.

Ziya Hüseynzadə biznes fəaliyyəti ilə məşğul olub. O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir.
Ziya Hüseynzadənin dələduzluq ittihamı ilə bağlı ayrı icraatda işi də Bakı Ağır Cinayətlər Məhkəməsinfə davam edir.

İttihama görə, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi olan Ziya Hüseynzadə özü və 3-cü şəxs üçün gəlir əldə etmək üçün rəsmi sənədləri saxtalaşdırılıb, dələduzluq edib.

Ziya Hüseynzadə Kənan Rəsulovla birlikdə Salyan rayonun Yenikənd və Pambıqkənd kəndlərində təsərrüfat üçün ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 2 milyon dollar kredit almağa nail olub və həmin quruma külli miqdarda ziyan vurub.

Bundan başqa, Ziya Hüseynzadə özünü təşkilatın rəhbəri kimi təqdim edərək Zaur Əliyevlə əlbir olaraq “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 5 milyon 600 min avro kredit alaraq həmin qurumun pulunu ələ keçiriblər.

Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru, məlum hadisələrdən sonra vəfat etmiş Aydın Rzayevin vaxtı ilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıblar. Həmin saxtalaşdırılmış etibarnaməni "Muğan Bank"ın baş ofisinə 7 dekabr 2022-ci ildə təqdim ediblər. Bu hərəkətləri ilə onlar 30 min dəyərində vəsaiti nağdlaşdıraraq götürüblər.
Bundan başqa, Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı altında müvafiq qurumdan 260 min avro qrant alıblar. Həmin vəsaitin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə Kənan Rəsulova həmin miqadarda ziyan vurub.

İttihamdan daha sonra göstərilib ki, Ziya Hüseynzadənin "Muğan bank"ın Xəzər rayon şöbəsindən 2 milyon dolları nağdlaşdıraraq götürüb.

Bu hərəkətləri ilə Ziya Hüseynzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov