26 Aprel 14:16
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhədyanı Tavuş vilayətində hakimiyyət əleyhinə keçirilən etiraz aksiyasının təşkilatçısı sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokudur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr bildirir ki, bir həftəyə yaxındır davam edən etiraz aksiyaları Tavuş, İrəvan və digər bəzi bölgələrdə keçirilir:

“Aksiyaların əsas təşkilatçısı “Ermənistan” blokudur. “Şərəfim Var” blokunun üzvləri (sabiq prezident Serj Sərkisyan rəhbərlik edir – red.) də boş oturmurlar, aksiya iştirakçılarının saxlanılmasından sonra polis idarələrinə baş çəkirlər.

Elə təəssürat yaranırdı ki, müxalifətin iki qanadı əməkdaşlığa başlayıb. Amma bizə məlumat verildi ki, hələlik birgə mübarizə planı hazırlanmayıb. Düzdür, taktika baxımından müxalifət cinahları arasında ziddiyyətlər olmasa da, müəyyən məsələlər var ki, düzəldilməlidir. Fikir ayrılığı yaradan sualların nədən ibarət olduğu bəlli deyil”.

Bir həftəyə yaxındır davam edən təxribatçı prosesdə kütləvilik yoxdur. Həm Tavuş, həm də İrəvandakı aksiyalar kiçik piketlər şəklində davam edir. Hər gün axşama yaxın dağılan piketlər səhər saatlarından yenidən davam edir.

Piketçilər 4 kəndin Azərbaycana qaytarılmasına etiraz edirlər. Söhbət Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərindən gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər