Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyevaya Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsinin suallarını cavablandırıb.
O bildirib ki, Dövlət Sosial Müdafiə Fonduna işçilərin hesabatları vaxtı-vaxtında verilib. Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fonduna ödənişləri mühasibatlıq edib.
Sünbülə Əliyevanın işi üzrə Dövlət Sosial Müdafiə Fonduna hesabat verməsi ilə bağlı cinayət işinin materiallarında heç bir sənəd yoxdur. Sümbülə Əliyeva deyib ki, o, işdən çıxdığı üçün maliyyə sənədləri yandırılıb: "Bazada sənədlərin olmamasına görə Dövlət Sosial Müdafiə Fondu məsuliyyət daşıyır. Maliyyə sənədləri yandırıldığı üçün heç bir sənəd təqdim edə bilmirəm".
Sümbülə Əliyeva bildirib ki, istintaq dövründə Vəkillər Kollegiyasının 11 üzvü şahid qismində dindirilib. O, 25 vəkilin əlavə şahid qismində dindirilməsini istəyib. Sümbülə Əliyevanın vəkili vəsatətin təmin olunmasını istəyib.
Prokuror Ziya Mansurov isə deyib ki, kifayət qədər şahidlər məhkəmədə dindirilib, əlavə şahidlərin dindirilməsi üçün zərurət yoxdur. Yerində müşavirə keçirən hakim heyəti qərar elan edib. Qərara görə, vəsatət təmin olunmayıb. Daha sonra Sümbülə Əliyeva onun iştirakı olmadan audit yoxlaması aparılan şəxslərin dindirilməsini istəyib.
Yerində müşavirə keçirən hakim heyəti vəsatəti təmin etməyib. Hakim Mahmud Ağalarov deyib ki, audit yoxlaması aparılması ilə bağlı cinayət işində rəylər var, həmin rəyləri şübhə altına alan əsaslar yoxdur. Bundan sonra Sümbülə Əliyeva məhkəmə tərkibinə etiraz verəcəyini deyib. Bu səbəbdən vaxt istəyib. Növbəti proses iyunun 27-də davam edəcək.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir. İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb. Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.