Jurnalist Sevinc Osmanqızının barəsində cinayət işinin başlanması ilə bağlı məhkəmə qərarə ləğv edilib.
Bu barədə Teleqraf.com-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib.
Məlumata görə, bir müddət əvvəl Nərimanov rayon Məhkəməsində, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən iclasda ittihamçı Azər Xəlilovun Sevinc Osmanqızına qarşı iddiası üzrə qərar elan olunub.
Hakim M.Sadıqov bildirib ki, Sevinc Osmanqızının məhkəməyə məcburi gətirilməsi haqda verilən qərara Yasamal Rayon Polis İdarəsindən cavab verilib. Qeyd olunub ki, S.Osmanqızının yaşadığı ev “Sovetski” layihəsinə görə sökülüb və S.Osmanqızı qeydiyyatdan çıxarılıb. Onun hazırda harada yaşadığı bəlli deyil.
Azər Xəlilov uşaqların ABŞ-a təhsil almaq üçün getmədiklərini bildirib: “Onlar burada təhsil alırdılar. Uşaqlarımı buradakı təhsilindən məcburən ayırıb, məndən icazəsiz ora aparıb. Onun da (Sevic Osmanqızının – red.) ANS tərəfindən verilən ezamiyyəti başa çatıb. O və uşaqlarım geri qaytarılmalıdır”.
Bundan sonra hakim Məzahir Sadıqov ittiham olunan şəxsin ölkə hüdudlarından kənarda olmasını əsas gətirərək onun barəsində məcburi gətirilmə, axtarışa verilmə və ya digər tədbir görülməsi üçün məhkəmə icraatının dayandırması barədə qərar verib.
Həmin qərardan Azər Xəlilov apelyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin qərarının ləğv edilməsini istəyib. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən baxılması üçün birinci məhkəmə instansiyasına qaytarılıb.
Qeyd edək ki, Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.
Hacı Zeynalov