25 Mart 2015 13:38
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Göyçayda baş verən cinayətlə bağlı rəsmi açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 23-də Göyçay rayonunun Çaxırlı kəndində yaşayan Rusiya Federasiyasının vətəndaşı Vəzir İbrahimov evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Yaralı xəstəxanada ölüb.

Göyçay rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş arvadı Gülnarə İbrahimova tutulub.

Qeyd edək ki, qətl hadisəsi rayonun Çaxırlı kəndində qeydə alınıb. 1965-ci il təvəllüdlü kənd sakini Vəzir Ağasəlim oğlu İbrahimov və 1974-cü il təvəllüdlü həyat yoldaşı Gülnarə Əkbər qızı İbrahimova arasında ailə münaqişəsi zəminində dava baş verib. Kişi qadını döyüb, qadın isə mətbəxdən götürdüyü bıçaqla ərinin ayağının bud nahiyəsinə xəsarət yetirib.

Bıçaq ayağın şah damarını kəsdiyi üçün Vəzir İbrahimov qısa vaxtda çoxlu qan itirib. Qadın qonşuların köməyi ilə ərini Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparıb. Cərrahiyyə əməliyyatı zamanı Vəzir İbrahimov çoxlu qan itirməsi səbəbindən dünyasını dəyişib.

Məlumata görə, ailənin 3 övladı var. Hadisə zamanı uşaqlar evdə olmayıb. Ailənin qız övladı ailə qurub, oğlanlardan biri Rusiyada, digəri isə hərbi xidmətdədir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər