9 Aprel 2015 16:04
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə və xuliqanlıqda təqsirli bilinən Elvin Əhmədli, Samir Zeynalov və onun qardaşı Sənan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin noyabrın 1-də saat 02:40 radələrində, Yasamal rayonu M.Həsənov küçəsində baş vermiş münaqişə zamanı Bakı şəhər sakinləri - Rəsul Süleymanov ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən xəstəxanaya aparılarkən yolda ölüb, Tofiq Mehdiyev kürək nahiyəsinin daxilə nüfuz edən xəsarətlə xəstəxanaya daxil olub.

Münaqişənin digər iştirakçıları Şirvan şəhər sakinləri - Sakit Qasımzadə və qardaşı Səfər Qasımzadə əl nahiyələrinin kəsilmiş xəsarətləri ilə Travmatologiya İnstitutuna daxil olublar.

Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 29-cu Polis Bölməsinin keçirdiyi əməliyyat –axtarış tədbirləri nəticəsində, hadisənin törədilməsində şübhəli bilinən Elvin Əhmədli saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində R.Suleymanovu qətlə yetirən, T.Mehdiyevə xəsarət yetirən Bakı şəhər sakini Sənan Zeynalov və onun qardaşı Samirə də müəyyən olunaraq tutulub.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onların anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 14-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: