Sumqayıt Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Fərid Həbibli və Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Məhəmməd Mehdiyevin apelyasiya şikayətlərinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Fərid Həbibli 13 dekabr 2013-cü il tarixdə, saat 23 radələrində tanışı Məhəmməd Mehdiyev ilə birlikdə Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsi, ev 13, mənzil 28 ünvanında yaşayan Namiq Hüseynova məxsus “VAZ-21063” markalı avtomobili saxladıblar. Onlar həmin avtomobili R.Məmmədov küçəsinə sürdürüblər və orada həmin avtomobili ələ keçiriblər.
Bundan başqa onlar həmin ilin dekabr 14-də Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “24 saat” marketin giriş qapısının şüşəsini sındırıblar. Həmin şəxslər mağazaya daxil olaraq Ramin Əmircanova məxsus saxlanc yeri sayılan mağazadan 50 manat və 15 ədəd ümumi məbləği 22 manat 50 qəpik dəyərində olan “Vest” və “Kent” siqaretlərini ələ keçiriblər.
Oğurluq hadisəsini törədəndən sonra Fərid Həbibli nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “VAZ-21063” markalı avtomobilli sürətlə sürüb. Nəticədə avtomobil hərəkətdə olarkən yolun sağ kənarına çıxaraq Samur-Abşeron kanalına aşıb. Həmin vaxt avtomobildə olan sərnişin Zəhra Fətəliyeva suda batıb. Hadisə zamanı Zəhra Fətəliyeva ölüb. avtomobildə olan Məhəmməd Mehdiyev isə sağ sifət nahiyəsinin yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Həbibli 9 il, Məhəmməd Mehdiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin hər birinin cəzası 6 il 6 aya endirilib.
Hacı Zeynalov