10 İyun 2015 18:59
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vağzalda baş verən qanlı cinayətin səbəbləri açıqlandı

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirli bilinən 1979-cu il təvəllüdlü Renat Ağaverdiyevin məhkəməsi başlayıb. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı Elgiz Qafarov ittiham aktını elan edib.

İttihama görə, ötən il oktyabrın 12-də Süleyman Rəhimov küçəsində Cəlilabad rayon sakini, 1983-cü il təvəllüdlü Rəşad Məmmədov bıçaqlanıb. Nəsimi Rayon Polis İdarəsinin əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Renat Ağaverdiyev yaxalanıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir. Vəhhabi təriqətinə xidmət edən Renat Ağaverdiyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, bildirib ki, əvvəllər Dağıstanda yaşayıb, 90-cı illərin əvvəllərində ailəsi ilə birlikdə Azərbaycana gəlib.

Renat Ağaverdiyev qeyd edib ki, oktyabrın 11-də Dağıstandan Bakıya qonaq gələn bibisini qarşılamaq üçün dəmir yolu vağzalına gedib: “Həmin vaxt anam Tamara, həyat yoldaşım Elnurə ilə birlikdəydim. Maşını dəmir yolu vağzalının yuxarı hissəsində, yol kənarında saxladım. Anam və həyat yoldaşımla vağzalın ərazisinə getdik. Orada bir qədər gözlədik, amma qatar bir qədər gecikirdi. Bu səbəbdən həyat yoldaşımla maşını saxladığım yerə qayıtmaq istədik. Ayağı ağrıdığı üçün anam vağzal ərazisində olan oturacaqdı əyləşdi.

Biz maşının yanına gedəndə dönərxananın yanında üç nəfər hündürdən söyüş söyürdü. Buna görə həmin şəxslərə iradımı bildirdim. Onlar üstümə hücum çəkdilər, biri məni döyməyə başladı. Mən yenə də onlara iradımı bildirdim. Amma onlar söyüş söyməklə yanaşı həyat yoldaşımı da vurdular. Həyat yoldaşımın yerə yıxıldığını gördüm. Buna görə də bıçaqla onlardan birini vurdum".

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt mübahisə etdiyi adamlar möhkəm sərxoş olublar: “Arvadıma söz atdılar, onu vurdular. Buna görə də məcbur qalaraq bıçağa əl atdım. Mübahisə təxminən 6-7 dəqiqə çəkdi. Hadisə vaxtı mən içkili olmamışam. Ümumiyyətlə, içki içən deyiləm”.

Renat Ağaverdiyev bildirib ki, 1998-2000-ci illərdə Azərbaycan ordusunda hərbi xidmətdə olub. Onun sözlərinə görə, hərbi xidməti bitirəndən sonra psixi durumunda problemlər yaşanmağa başlayıb və müalicə alıb.

Şahid qismində ifadə verən Elnurə Ağaverdiyeva deyib ki, hadisə baş verən günü həyat yoldaşı və qayınanası ilə birlikdə Dağıstandan gələn qonaqlarını qarşılamaq üçün dəmir yolu vağzalına gediblər: “Biz dəmir yolu vağzalından maşının saxlanıldığı yerə gələn zaman bir neçə nəfərin hündürdən söyüş söydüyünü gördük. Renat onlara iradını bildirdi, dedi ki, ayıbdır, söyüş söyməyin. Həmin şəxslər Renatın üstünə hücum çəkdilər, biri məni vurdu, yerə yıxıldım. Renatla həmin şəxslərin mübahisəsi təxminən 15 dəqiqə çəkdi. Hadisə vaxtı ora çoxlu adam toplaşmışdı. Yerə yıxıldığım üçün Renatın zərərçəkəni bıçaqla vurmasını görməmişəm. Ümumiyyətlə, heç vaxt Renatda bıçaq olmayıb”.

Elnurə Ağaverdiyeva bildirib ki, həyat yoldaşı dalaşqan adam deyil: “Həyat yoldaşım dinlə məşğuldur. Onun kimlərləsə mübahisə etməsini heç vaxt görməmişdim. Həmin şəxslərlə Renat söyüş üstündə mübahisə edib. Söyüş söyməsəydilər və yaxud Renatın iradını qəbul etsəydilər, belə hadisə baş verən deyildi”.

Şahid daha sonra qeyd edib ki, həyat yoldaşı əsgərliyi bitirəndən sonra psixoloji problemləri yaranıb. Onun sözlərinə görə, Renat Ağaverdiyevin harada müalicə alması barədə məlumatı olmayıb.
Tamara Ağaverdiyeva bildirib ki, dəmir yolu vağzalında olan zaman ayaqlarında ağrı hiss edib: “Mən vağzalda oturacaqda əyləşdim, oğluma dedim ki, gəlinimlə maşının yanına getsinlər, birdən maşını oğurlayarlar. Mən israr etdiyim üçün oğlum və gəlinim getdilər. Vaxt keçsə də, onlar qayıtmadılar. Buna görə maşın olan tərəfə getdim, xeyli adamın toplaşdığını gördüm. Yaxınlaşanda oğlumun bıçaqla adam vurduğunu bildim”.

Tamara Ağaverdiyevanın sözlərinə görə, hadisənin şahidi olmayıb. O, qeyd edib ki, oğlunun psixi müalicə alması ilə bağlı sənədlər var.

Hakim bildirib ki, cinayət işi üzrə daha iki şahid məhkəməyə dəvət edilsə də, onlar məhkəməyə gəlməyiblər. Hakim qeyd edib ki, şahidlərin məhkəməyə gəlməsi üçün yaşadıqları ərazilər üzrə polis idarələrinə məktub göndəriləcək.

Məhkəmə iclası iyunun 16-da davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər