Şəki Apelyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən Elçin Yusifov və Bəxtiyar Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Elçin Yusifov 10 oktyabr 2013-cü il tarixdə, saat 09.00-da idarə etdiyi “Ford Tranzit 80” markalı avtomobillə Qax-Qorağan şosse yolu ilə hərəkət edən zaman Turaclı kəndinə olan döngənin qarşısında “Opel Frontera” markalı avtomobillə toqquşub. “Opel Frontera” markalı avtomobilin sürücüsü Qax rayonu Zəyəm kənd sakini Bəxtiyar Məmmədli, həmin avtomobildə olan sərnişinlər Samir Rəsulov, Elxan Hacıyev xəsarət alıblar.
Istintaq araşdırması zamanı yol qəzasının törədilməsində hər iki sürücü günahkar bilinib. Bu səbəbdən onların barəsində Cinayət Məcəlləsinin 263.1-ci (ehtiyatsızlıqda yol qəzası törətmək) maddəsi ilə ittiham ediliblər. Qax Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum ediliblər. Hökmdən narazı təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vidadi Cabbarov təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsi barədə vəsatət verib. Hakimlər dövlət ittihamçısının vəsatətini təmin ediblər. Ekspertizanın rəyi açıqlanan kimi məhkəmə iclası qeyri müəyyən vaxtadək təxirə salınıb.
Hacı Zeynalov