Atasının əvəzindən söz demək istəyən gəncin başına butulka çırpdılar
Gəncə Apelyasiya Məhkəməsində Laçın rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Səxavət Allahverdiyev 18 oktyabr 2013-cü ildə, saat 15.00-da Bərdə rayonunun Kafarlı kənd sakini Qəşəm Məmmədovun həyətində keçirilən toy məclisi zamanı mağarda heç bir əsaslı səbəb olmadan xuliqanlıq eləyib. O, əmisi oğlu Qabil Allahverdiyev və Kamil Şirinov arasında musiqi sifarişi ilə bağlı mübahisə yaranıb. Qabil Kamillə dalaşıb. Bu zaman Səxavət toy məclisində iştirak edən adamlara saymazlıqla Kamil Şirinovu yumruqla vuraraq ona xəsarət yetirib.
Bərdə Rayon Məhkəməsinin hökmü ilə Səxavət Allahverdiyev Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham edilib və Səxavət Allahverdiyevin qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum olunub.
“Əmim oğlunun oynamaq üstündə dalaşdığını eştidim”
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Səxavət Allahverdiyevin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham verilməsinin, həmin maddənin sanksıyasında nəzərdə tutulmuş qaydada daha ağır cəza ilə cəzalandırılmasını istəyib.
Hakim Bədəl Əliyevin sədrliyi ilə keçən prosesdə Səxavət Allahverdiyev bildirib ki, oktyabrın 18-də bacısı oğlunun kiçik toyu olub və həmin vaxt özü də toyda iştirak edib: “Toy mərasimində məni xidmətçilərin yanında köməkçi qoyublar. Meyvələri qablara yığaraq xidmətçilərə verməklə məşğul olmuşam. Əmim oğlu Qabillə Kamil Şirinov arasında oynamaq üstündə mübahisə olduğunu və sonradan isə dalaşdıqlarını eşitdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, toy mağarından çöldə tanımadığı şəxs dava barədə ona xəbər verib: “Mağara girərkən Kamil orada yox idi. Onun toydan getdiyini öyrəndim. Mağarda olan dalaşmanı gözümlə görməmişəm. Müstəntiqin yanında üzləşmə zamanı Kamil məni tanımayıb və prosesdə mütəxəssis iştirak etməyib. Ümumiyyətlə Kamili vurmamışam. Buna görə də məhkəmə kollegiyasından cavanlığımı və ailə vəziyyətimi nəzərə alaraq mənə köməklik göstərilməsini xahiş edirəm”.
“Masabəyi atamı təbrik söyləməyə çağırdı”
Zərərçəkmiş Kamil Şirinov deyib ki, Səxavət Allahverdiyevlə qohumluğu, düşmənçiliyi yoxdur: “Oktyabrın 18-də Bərdə rayonu Kafarlı kəndində yaşayan Qəşəmin nəvəsinin kiçik toyu olub və bizim ailə də həmin məclisə dəvət olunub. Atamla toy mağarında oturub yemək yeyərkən masabəyi atamı təbrik söyləmək üçün çağırdı.
Oynamaq istədiyimdən atamın əvəzinə özüm çıxdım və musiqi sifariş verdim. Həmin vaxt Qabil Allahverdiyev bildirdi ki, mən səndən qabaq gəlmişəm, mən oynamalıyam. Ondan bunun səbəbini soruşdum. Dedi ki, sən mənim əmimə söymüsən. Qabilə əmisinə söymədiyini bildirdim və oynamaq istədim. Qabil məni çölə çağırsa da, onun sözü ilə mağardan çıxmadım. O, yerindən qalxaraq məni vurmaq istədi. Həmin vaxt Səxavət Allahverdiyev yumruqla ağzımdan vurdu”.
“Məni butulka ilə vuranı görməmişəm”
Kamil Şirinovun sözlərinə görə, toyda iştirak edənlər onu çölə çıxarmaq istəyərkən kimsə arxadan şüşə butulka ilə başından vurub: “Ancaq məni kimin vurduğunu bilməmişəm. Atam məni Bərdə rayon polis şöbəsinə gətirdi və döyülməyim barədə ərizə verdim.
Toyda dava-dalaş 30 dəqiqə çəkib. Həmin vaxt hadisə yerində təxminən 200 nəfər adam olub. Toy şənliyi dayansa da, biz getdikdən sonra davam edib. İstintaq zamanı və birinci instansiya məhkəməsində mənə şüşə butulka ilə vuranı görmədiyimi bildirmişəm.
İstintaqda Səxavətlə üzləşdirilmişəm, Səxavətin məni şüşə butulka ilə vurduğunu görmədiyimi demişəm. Müstəntiq tərəfindən ifadəm tam təhrif edilib. Səxavətdən şikayətim yoxdur”.
Şahid qismində ifadə verən Koroğlu Şirinov bildirib ki, Kafarlı kəndində kiçik toyda olarkən masabəyi onun adını çəkib və rəqsə dəvət edib: “Oğlum Kamil oynamaq istədi və həmin vaxt Qabil oğlumla rəqs üstündə mübahisə etdi. Onların arasında ancaq mübahisə olub, dava-dalaş olmayıb. Oğlumu kimin vurduğunu və kiminlə dalaşdığını görməmişəm. Sonradan oğlumu polis şöbəsinə apararaq şikayət ərizəsi vermişəm. Polisdə və istintaq dövründə oğlumun Kamil tərəfindən yumruqla və başından butulka ilə vurulmasını görmədiyimi demişəm”.
Prokuror: “Zərərçəkən və atasının ifadəsi ziddiyyətlidir”
Dövlət ittihamçısı Qalib Rizvanov bildirib ki, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli, Səxavət Allahverdiyevə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə hökm çıxarılmalıdır.
Onun sözlərinə görə, ibtidai istintaq və məhkəmə zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Səxavət Allahverdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib: “Məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə Səxavət Allahverdiyevin xuliqanlıq cinayəti törədərkən silah qismində əşyadan istifadə etməsi tam sübuta yetirilib. Buna baxmayaraq, məhkəmə həmin sübutları düzgün qiymətləndirməyib. Məhkəmə hökmdə bir sübutun qəbul edilməsi, digər sübutun rədd edilməsinin motivlərini əsaslandırmayıb.
Səxavət Allahverdiyevin bütövlükdə hadisə barədə, o cümlədən hadisə zamanı silah qismində istifadə olunan əşyadan istifadə etməməsi barədə ifadəsi özünü müdafiə xarakteri və məsuliyyətdən boyun qaçırmaq məqsədi güdən ifadə kimi qiymətləndirilməlidir. Zərərçəkmiş Kamil Şirinov və onun atası Koroğlu Şirinovun məhkəmədə ibtidai istintaq zamanı vermiş olduqları ifadələrlə ziddiyyət təşkil edib. Bunu barışıqdan sonra təqsirləndirilən şəxsi müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir”.
Dövlət ittihamçısı çıxışının sonunda Səxavət Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılmasını istəyib.
Tərəfləri dinləyən hakim heyəti sonda hökmün dəyişdirilmədən saxlanılması barədə qərar açıqlayıb.
Hacı Zeynalov