30 İyun 2015 11:19
1 469

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı Hüseynov Elnur Əlirza oğlu piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində onun üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı Elnur Hüseynovun düz bağırsağından 3 ədəd bükümdə, ümumi xalis çəkisi 9,515 qram narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Azərbaycan Respublikası vətəndaşı Mirzəyev Şahmar Calaləddin oğlu piyada yolla İran İslam Respublikasından ölkəmizə gələrkən, Astara Gömrük İdarəsinin əməkdaşları onun üzərində şəxsi yoxlama aparıb. Şəxsi yoxlama nəticəsində Şahmar Mirzəyevin ayaqqabısının hər iki tayının içərisində, polietilen paketlərdə 98 ədəd, əyninə geyindiyi şalvarın bel hissəsində kəsilib doğranmış vəziyyətdə 149 həb olmaqla, cəmi 247 ədəd təsiredici maddəsinin xalis çəkisi 9,88 qram olan narkotik vasitə - metadon və ayaqqabının sol tayının daban hissəsində bir ədəd polietilen bükümdə xalis çəkisi 12.06 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktlarla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif:
loading...