5 Sentyabr 2015 13:14
2 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda 1972-ci il təvəllüdlü Vasili Uvarov və 1972-ci il təvəllüdlü Aleksey Makarov dəhşətli qətl törədiblər. Teleqraf.com xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Təqsirləndirilən şəxslər kənd sakini, 1953-cü il təvəllüdlü Pestriakov Aleksandr Aleksandroviçi qətlə yetiriblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini xahiş ediblər. Həmçinin Baş Prokurorluq apelyasiya protesti verərək onların cəzasının ağırlaşdırılmasını istəyib. Tərəflərin şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Valentina ilə arvadım vasitəsi ilə tanış olmuşam”

Vasiliy Uvarov bildirib ki, ailəlidir və ailəsi hazırda Ukraynada yaşayır: “Özüm isə həbs edilənə kimi hərdən bir ailəmi görmək üçün Ukraynaya gedib-gəlmişəm. Valentina Makarova ilə aramızda yaxın münasibətlər olub. Valentina ilə arvadım vasitəsi ilə tanış olmuşam. Sonuncu dəfə övladlarımı görmək üçün Ukraynaya 2013-cü ilin avqust ayında getmişəm və noyabr ayında İvanovka kəndinə geri qayıtmışam. Kənddə olarkən Valentina evini təmir etdirmək üçün bankdan kredit götürdüyünü və usta axtardığını bildirdi. Valentinanın evini təmir etməyi öhdəmə götürdüm. 2013-cü ilin dekabr ayının sonunda Valentina, əri və övladları təmirlə əlaqədar Valentinanın anası Yekaterina Makarovagilə köçərək bir müddət orada yaşadılar. Bu müddət ərzində Sergeylə birlikdə Valentinanın evinin təmir işləri ilə məşğul olmuşam”.

“Arağı təkbaşına içdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 7-də evdə təmir işləri demək olar ki, bitib, Valentinagil də artıq bu səbəbdən evlərinə köçüblər: “Həmin gün səhər vaxtı Valentina ilə əri Aleksandr yüngül əşyaları götürərək evə gəldilər. Sonra onlar kənd sakini Adil adlı şəxsin traktoru ilə mebelləri gətirərək evə boşaltdılar. Valentinagilə kömək etmək üçün mebelləri qaz sobası olan kiçik otağa apardım və orada quraşdırmağa başladım. Saat 16 radələrində Sergey də Valentinagilə gələrək mebelləri quraşdırmağa kömək etdi. Evdəki işlər yekunlaşana yaxın evə köçməyi qeyd etmək üçün Aleksandra bir şüşə araq və iki ədəd “Baltika” pivəsi almağı tapşırdım. Aleksandr araq və pivə alaraq gəldi. Sergey, Aleksandr və Valentina ilə birlikdə süfrə arxasında əyləşdik. Sergey bir şüşə pivə içsə də, araq içmədi. Aleksandra araq süzmək istədim. O, içməkdən imtina etdi. Həmin gün Aleksandr ümumiyyətlə spirtli içki qəbul etmədi. Valentina isə mənimlə 50 qram araq içdikdən sonra evləri yığışdıracağını bildirdi və masadan qalxdı. Təxminən saat 18 radələrində Sergey işinin olduğunu bildirərək evinə getdi. Mən isə arağı təkbaşına içdim”.

“Uşaqbazlıq hərəkətlərini xatırladım”

Vasili Uvarov qeyd edib ki, axıra yaxın Valentina yenidən gələrək onunla 50 qram araq içib: “Sonra siqaret çəkmək üçün qapının ağzına çıxdım. İçəri girəndə Aleksandrın Valentinanın başqa kişidən olan azyaşlı uşaqlarına qarşı etdiyi uşaqbazlıq hərəkətlərini xatırladım və ona bunu nə üçün etdiyini bildirdim. Aleksandr heç bir söz demədi.Bu vaxt Aleksandrla mübahisə etməyə başladım. İçkili vəziyyətdə olduğum üçün Aleksandrın belə sakit dayanmasına əsəbləşdim. Aleksandra bir yumruq vurdum və o, yerə yıxıldı. Sonra sobanın yanında divara söykənərək siqaret çəkdim. Daha sonra Aleksandra alnından daha bir yumruq vurdum. Zərbədən Aleksandr sobanın yanında yerə yıxıldı. Bundan sonra möhkəm sərxoş olduğumdan həmin gün hansı hərəkətləri etdiyimi xatırlamıram”.


“Diz çökərək üzr istədim”

Onun ifadəsinə görə, yanvarın 8-də, səhər saat 10 radələrində Valentinanın evinə gəlib: “Valentina məni qarşıladı. Onun ağladığını gördüm. Ondan nə üçün ağladığını soruşdum. Valentina isə cavab verməyərək içəri keçməyi təklif etdi. İçəri girəndə Aleksandrın soba olan otaqda döşəmənin üzərində halsız vəziyyətdə uzandığını gördüm. Dərhal Valentinadan nə baş verdiyini soruşdum. Valentina da əvvəl Aleksandrın sobanın üzərinə düşdüyünü desə də, sonradan mənim tərəfimdən döyülüb, işgəncə verilərək bu günə salındığını bildirdi. Bundan bir gün qabaq həddindən artıq sərxoş olduğum üçün Aleksandrı döydüyümü xatırladım. Aleksandrı bu vəziyyətə Valentinanın saldığını düşündüm. Sonra Valentina ilə birlikdə köməkləşərək Aleksandrı yerdən götürdüm və divanın üstünə qoyduq. Bundan sonra Valentinaya təslim olmaq üçün polisə gedəcəyimi bildirdim. Həmin vaxt Valentina hələ tələsməməyimi, Aleksandrın bəlkə sağalacağını bildirdi. Mən də istirahət etmək üçün evimə getdim. Həmin gün - yanvarın 9-da, saat 9 radələrində yenidən Valentinagilə getdim. Evdə Aleksandrın yatdığı otağa keçəndə onun hələ yaşadığını və çarpayının üzərində hərəkətsiz halda uzanaraq xırıldadığını gördüm. Bu vaxt diz çökərək Aleksandrdan etdiyim hərəkətlərə görə üzr istədim. Təxminən bir saat Valentinanın evində olmuşam. Sonra Valentinanın evindən çıxaraq birbaşa kəndin sahə müvəkkili Hüseynin yanına getdim. Hüseynin yanında olarkən Aleksandrı döydüyümü bildirdim. Bundan sonra Hüseynlə birlikdə yenidən Valentinanın evinə gəldim. Biz orada olanda artıq Aleksandr ölmüşdü”.

Digər təqsirləndirilən Alerksey Makarov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, yanvarın 7-də, axşam saatlarında Jabin Timofeyevin mağazasından aldığı yarım litrlik arağı təkbaşına içib və evə gedərkən Vasili ona zəng edib: “Vasili məni Valentinanın evinə çağırdı. Bundan təxminən 10-15 dəqiqə sonra Valentinanın evinə getdim. Evə girdikdə soba olan otaqda bacısının əri Aleksandrın sobanın yanında uzanmış vəziyyətdə xırıldadığını gördüm. Bunu görəndə orada daha dayanmadım və evimə getdim. Bundan sonra isə orada olanlar barədə məlumatım olmayıb. Aleksandrın ölümündə heç bir günahım yoxdur. Hadisəbaş verən günü onu döyməmişəm. Valentinagilə gəldikdə Aleksandr Pestryakovun artıq yaralı vəziyyətdə yerdə uzanaraq xırıldadığını gördüm”.

Hakim heyəti şahid ifadələrini dinləyəndən sonra qərar elan edib. Qərara görə, Vasili Uvarovun cəzası 10 ilə qədər artırılıb.

Hacı Zeynalov


Müəllif: