Lənkəranda yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 8-də saat 21.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 1955-ci il təvəllüdlü Aydın Qurban oğlu Səlimovun idarə etdiyi “VAZ-21074” markalı, 07 BD 366 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirib və yolun kənarındakı elektrik dirəyinə çırpılaraq onu aşırıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, güclü zərbədən minik avtomobili yararsız vəziyyətə düşüb.
Sürücünün sözlərinə görə, qarşı tərəfdən hərəkətdə olan minik avtomobili birbaşa onun üstünə gəldiyindən maşınını qaçıraraq yolun kənarına verib. Nəticədə isə yol qəza hadisəsi törənib.
Qeyd edək ki, elektrik dirəyinin aşması səbəbindən 3 yaşayış məntəqəsinin 2000-dən çox abonenti 25-30 dəqiqə müddətinə işıqsız qalıb. Rayon Elektrik Şəbəkəsi əməkdaşlarının operativ müdaxiləsindən sonra evlərə elektrik enerjisinin verilişi bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.