15 Sentyabr 2015 23:15
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Apelyasiya Məhkəməsində ağır yol qəzası törətməkdə ittiham olunan Balakən rayon sakini Həbib Kaltayevin cinayət işi üzrə məhkəmə başa çatıb

Teleqraf.com xəbər verir ki,15 dekabr 2012-ci il tarixdə, saat 21:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonu ərazisindən keçən 153-cü km-də 1982-ci il təvəllüdlü Balakən rayon sakini Həbib Kaltayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillə 1989-cu il təvəllüdlü Balakən rayon sakini Samir Novruzovun idarə etdiyi “ZİL” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-2104” markalı avtomobildə olan sərnişinlər, Balakən rayon sakinləri, 1981-ci il təvəllüdlü Sahib Telliyev, 1986-cı il təvəllüdlü Rəşad Məmmədov aldığları xəsarətlərdən hadisə yerində ölüblər, avtomobilin sürücüsü Həbib Kaltayev və digər sərnişin, 1990-ci il təvəllüdlü Muhuma Doldolov xəsarət alaraq Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara vaxtında tibbi yardım göstərildiyindən həyatlarını xilas etmək mümkün olub.

İstintaq araşdırması zamanı yol qəzasının baş verməsində Həbib Kaltayevin günahkar olduğu müəyyən edilib və onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü) maddəsi ilə cinayət işi başlanıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həbib Kaltayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş tərəfin nümayəndələri apelyasiya şikayəti verərək Həbib Kaltayevin cəzasının ağırlaşdırılmasını istəyiblər. Bir müddət əvvəl apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılsa da, onların şikayəti təmin edilməyib. Bundan sonra zərərçəkmiş tərəf Ali Məhkəməyə müraciət ediblər. Ali Məhkəmədə işə baxan hakim kollegiyası zərərçəkmişlərin şikayətinə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.

Bu dəfə Həbib Kaltayevin barəsində verilən apelyasiya şikayəti üzrə məhkəmə işinə hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmə kollegiyası Həbib Kaltayevin cəzasına 1 il əlavə edib və ona qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər