17 Sentyabr 2015 18:51
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürü yiyəsi qoyunların azaldığını gördükdə polisə müraciət edib

Gəncə Apelyasiya Məhkəməsində oğurluqda ittiham olunan Gürcüstan vətəndaşı, 1985-ci il təvəllüdlü Mehman Omarov və Qazax sakini, 1986-cı il təvəllüdlü Sərxan Əfəndiyev, həmçinin Ağstafa rayonun Sadıqlı kəndində yaşayan Azər Süleymanov, İsmət Kazımov və azyaşlı Nurlan Nuruzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əvvəl bir-bir, sonra beşini birdən...

Gürcüstanın Qardabani rayonunda anadan olan Mehman Omarov sonradan Ağstafa rayonunun Sadıqlı kəndinə köçüb və orada yaşamağa başlayıb. Həmin kənddə Sərxan Əfəndiyevlə tanışlığı sonradan dostluğa çevrilib. Günlərin birində onlar pul qazanmaq qərarına gəliblər. Amma daha “rahat” yolu seçiblər. Dostlar oğurluq etməyə başlayıblar. Cinayət işi üzrə adı keçən azyaşlı Nurlanı hədə-qorxu yolu ilə cinayət əməllərinə cəlb ediblər. Mehman Omarov və Sərxan Əfəndiyevin oğurluğu zamanı Nurlan gözətçi dayanıb.

İlk oğurluq Sadıqlıda olub. Kəndin otlaq sahəsindən Şahmərdan Musayevin bir baş qoyununu aparıb, rayon bazarında sataraq pulu bölüblər. Bir neçə gündən sonra Şahmərdan Musayevin daha bir qoyununu oğurlayaraq 140 manata satıblar.

Əldə etdikləri gəlirlə dostlar avqustun sonuna kimi dolana biliblər. Avqustun sonuncu günü yenə də Şahmərdan Musayevin otlaqda olan qoyun sürüsünə hücum çəkiblər. Dostlar bu dəfə daha böyük qazanc götürmək qərarına gəliblər. Oğrular Şahmərdanın 5 baş qoyununu apararaq ümumilikdə 700 manat “qazanc” əldə ediblər. Bu oğurluğu daha iki dəfə təkrarlayıblar.

Sentyabrın əvvəllərində Şahmərdan sürüdə qoyunların azaldığını görüb. Sayanda 15 baş qoyunun əskildiyi məlum olub. Heyvan yiyəsi Ağstafa Rayon Polis Şöbəsinə müraciət edib. Sərxan Əfəndiyev və Mehman Omarov həbs olunublar.

Digər iki təqsirləndirilənlər - Azər Süleymanov və İsmət Kazımovun isə oğurluq mal-qaranın satılmasında iştirakı müəyyənləşdirilib.

Hökm narazılıq yaratdı

Mehman Omarov və Sərxan Əfəndiyev Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar oğurluq törətmək), 170.1-ci (on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə) maddələri ilə, Azər Süleymanov, Nurlan Nuruzadə, İsmət Kazımov isə Cinayət Məcəlləsinin 177.2.1-ci maddə ilə ittiham ediliblər.

Ağstafa Rayon Məhkəməsinin hökmü ilə Sərxan Əfəndiyev 3 il 6 ay, Mehman Omarov 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin məhkəmənin hökmü ilə Azər Süleymanov 4000 manat, Nurlan Nurizadə 600 manat, İsmət Kazımov 600 manat cərimə cəzasına məhkum ediliblər.

Hökmdən Azər Süleymanov, Nurlan Nurizadə və İsmət Kazımov apelyasiya şikayəti verməyiblər.
Mehman Omarov və Sərxan Əfəndiyev isə apelyasiya şikayəti verərək Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə bəraət, digər maddələr üzrə isə cəzalarının həbs olmayan cəza növü ilə əvəz edilməsini istəyiblər. Şikayət Gəncə Apelyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Sərxan Əfəndiyev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, törətdiyi əməlindən səmimi peşman olub: “Vurduğum ziyanı zərərçəkmişə tam ödəmişəm”.

“Nurlanın yetkinlik yaşına çatmamasından xəbərsizdim”

Yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu bildirən Sərxan Əfəndiyev ilk dəfə az ağır cinayət törətdiyini, ailəli və himayəsində 2 azyaşlı uşağın olduğunu və bunların yüngülləşdirici hal kimi nəzərə alınmasını istəyib.

Sərxan Əfəndiyevin müdafiəçisi Fuad İsgəndərov bildirib ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır: “Ona görə ki, müdafiə etdiyim Sərxan Əfəndiyev özünü Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə təqsirli bilməyib. Buna baxmayaraq onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılıb, digər maddələr üzrə isə ağır cəza təyin edilib. İşin hallarından görünür ki, Sərxan Əfəndiyev həmkəndlisi Nurlana oğurluq etməyi təklif etsə də, onun yetkinlik yaşına çatmadığını bilməyib. Məhkəmə işin bu hallarını araşdırmadan qanunsuz hökm çıxarıb. İttihamın bu hissəsini təsdiq edən heç bir dəlil iş materiallarında yoxdur”.

Mehman Omarovun vəkili Alik Əliyev bildirib ki, müdafiə etdiyi şəxsin cəzası cərimə cəzası ilə əvəzlənsin.

Dövlət ittihamçısı Nəsif Nəcəfov apelyasiya şikayətlərinə etiraz edib. O, bildirib ki, Mehman Omarov və Sərxan Əfəndiyev qrup halında başqasına məxsus əmlakı gizli olaraq talayıblar: “Müdafiəçilərin apelyasiya şikayətlərində sadaladıqları cəzanı yüngülləşdirən bütün hallar birinci instansiya məhkəməsində qiymətləndirilib, habelə onların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətlərini xarakterizə edən cəhətlər nəzərə alınıb. Onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ən aşağı həddə təyin edilib. Hesab edirəm ki, apelyasiya şikayətləri əsassızdır, təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın başqa cəza növü ilə əvəz edilməsi, yaxud bəraət verilməsi üçün əsaslar yoxdur”.

Hakim heyətinin qərarı ilə Sərxan Əfəndiyevin cəzası 1 il 6 aya, Mehman Omarovun isə cəzası 1 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər