29 Sentyabr 2015 18:45
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə bir nəfərin ölümündə, iki nəfərin yaralanmasında təqsirli bilinən 23 yaşlı oğlanın cəzasını yüngülləşdirdi

Gəncə Apelyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Samir Allahverdiyevin cinayət işi üzrə proses başa çatıb.

İttihama görə, Samir Allahverdiyevin nəqliyyat vasitələrini idarə etmək hüququ bir il müddətinə Tovuz rayon Məhkəməsinin 6 may 2014-cü il tarixli qərarına əsasən məhdudlaşdırılıb. Buna baxmayaraq, o, atasına məxsus VAZ-21150 markalı avtomobili etibarnamə əsasında 9 avqust 2014-cü il tarixdə, saat 10.30 radələrində idarə edərkən yol hərəkəti qaydasını pozub.

Samir Allahverdiyev Tovuz-Qaralar asfalt yolunun Aşağı Quşçu kəndi ərazisindən keçən 2-ci kilometrliyində hərəkət etdirərkən sürət həddini aşıb, maşınını yoldan kənarda hərəkətsiz vəziyyətdə dayanan Cavanşir Məmmədovun saxladığı “VAZ-2106" markalı avtomobillə toqquşdurub. Həmin vaxt Cavanşir Məmmədovun avtomobil geri itələnərək arxada hərəkətsiz dayanmış Yusif Hüseynovun saxladığı ”Nissan Patrol" markalı avtomobilə dəyib.

Nəticədə “VAZ-2106" markalı avtomobildə oturmuş sərnişin Məsim Nağıyev xəsarətlər alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həmin gün dünyasını dəyişib. ”VAZ-2106" markalı avtomobildə olan digər sərnişin Telli Verdiyeva, həmin avtomobilin yanında yerdə olan sürücü Cavanşir Məmmədov yaralanıb. Hər iki yaralıya tibbi yardım göstərilib. Bu səbəbdən onların həyatları xilas edilib.

Hadisə zamanı Cavanşir Məmmədovun avtomobilinə 2000, Yusif Hüseynova 1200 manat məbləğində maddi zərər dəyib.

İstintaq araşdırması zamanı Samir Allahverdiyev yol qəzasını törətməkdə təqsirli bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Allahverdiyev 6 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Samir Allahverdiyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Apelyasiya şikayətinə hakim Elşad Bayramovun sədrlik etdiyi kollegiyada baxılıb.

Samir Allahverdiyev Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə özünü təqsirli bilib, əməlindən səmimi peşmançılıq çəkdiyini qeyd edib. O, bildirib ki, Cavanşir Məmmədova dəymiş ziyanı ödəyib.

Zərərçəkmiş Cavanşir Məmmədov məhkəmə çıxışında Samir Allahverdiyevdən şikayəti və tələbi olmadığını bildirib.

Təqsirləndirilən şəxsin vəkili Tünzalə Vəliyeva bildirib ki, zərərçəkmiş şikayətçi olmaması ilə bağlı məhkəməyə ərizə təqdim edib: “Digər zərərçəkmiş şəxslər Telli Verdiyeva, Yusif Hüseynov, zərərçəkmiş şəxsin hüquqi varisi Ziyatxan Nağıyev Samir Allahverdiyevdən şikayət və tələblərinin olmadığını bildiriblər və bu barədə məhkəməyə ərizə təqdim ediblər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəzanın əsas məqsədlərindən biri məhkumun islah edilməsidir. Samir Allahverdiyevin törətdiyi cinayət əməlini səmimi etiraf edib və əməlindən səmimi peşman olması onun artıq islah olunma yolunda addımlamasını göstərir”.

Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi Samir Allahverdiyevin təqsirləndiyi Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 5 il nəzərdə tutulub: “Hesab edirəm ki, Samir Allahverdiyevin əməlini yüngülləşdirən halların dairəsi, eləcə də əməlini ağırlaşdıran halların olmaması onun barəsində maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsinə imkan verir. Birinci instansiya məhkəməsinin Samir Allahverdiyevə təyin etdiyi 6 il azadlıqdan məhrumetmə cəzası ağır cəzadır. Birinci məhkəmə instansiyası məhkəməsinin hökmün dəyişdirilməsini, müdafiə etdiyim şəxsə sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş edirəm”.

Dövlət ittihamçısı Qalib Rizvanov apelyasiya şikayətinin təmin edilməməsini istəyib.

Tərəfləri dinləyən hakim heyəti sonda Samir Allahverdiyevin apelyasiya şikayətini təmin edib. Cəza 5 il 1 aya endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər