2 Oktyabr 2015 11:18
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasında həkimi işləmiş İmanverdi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, 1955-ci il təvəllüdlü İmanverdi Hüseynov 14 oktyabr 2014-cü il tarixdə saat 09.00-da Lənkəran Humanitar Kollecinin qarşısındakı yolda heç bir əsaslı səbəb olmadan Əflatun İsmayılovu söyüb. Sonra da bədəninin müxtəlif yerlərinə yumruq və təpik zərbələri ilə xəsarət yetirib.

Bundan əlavə o, oktyabrın 17-də saat 09.00-da “Nikoil” İKB ASC-nin Lənkəran filialının yaxınlığında Samit Baxşiyevi nalayiq sözlərlə söyüb. Bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və əl çantası ilə vurub.

Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilən İmanverdi Hüseynov Lənkəran Şəhər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək barəsində olan cinayət işinə xitam verilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.

Apelyasiya instansiyasında iş hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Məni küçə söyüşləri ilə təhqir etdi”

Zərərçəkmiş şəxs qismində ifadə verən Əflatun İsmayılov Lənkəran şəhərində yaşadığını və fərdi əməklə məşğul olduğunu bildirib: “Oktyabrın 14-də Sütəmurdov kəndindən, oğlumgildən gəlirdim. Lənkəran Humanitar Kollecinin qarşısında avtomaşınlar üçün nəzərdə tutulmuş yolun kənarı ilə gedərkən nəqliyyatın sıxlığı ilə əlaqədar su kanalının üzərindən tullandım və piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan yola keçdim.

Bu zaman üzdən tanıdığım İmanverdi Hüseynovla toqquşdum. Ondan üzr istədim, ancaq o, məni nalayiq küçə söyüşləri ilə təhqir elədi. Yenə üzr istədim və fikirli olduğumdan onunla toqquşduğumu bildirdim. İmanverdi məni yumruq və təpik zərbələri ilə vurmağa başladı. Ondan aralaşmağa çalışsam da, bacarmadım. Dartışma zamanı İmanverdi əynimdəki köynəyi cırdı. Həmin yer Humanitar Kollecin qarşısı, 4 nömrəli məktəbə gedən yol olduğundan, həmçinin Heydər Əliyev parkı da həmin ərazidə yerləşdiyindən çoxlu adam yığışdı. Toplaşanlar bizə tamaşa edirdilər.

Adını bilmədiyim taksi sürücüsü məni onun əlindən aldı. Buna baxmayaraq İmanverdi söyüş söyməkdə davam etdi. Dərhal telefon vasitəsilə polisə məlumat verdim. Sonra polis şöbəsinə getdik, oradan isə məni həkimə göndərdilər".

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, təqsirləndirilən şəxs etdiyi hərəkətə görə ondan üzr istəməyib: “Buna baxmayaraq məhkəmədən İmanverdi Hüseynova yüngül cəza verilməsini xahiş edirəm”.

“Dedi ki, korsan, yoluna bax”

Digər zərərçəkmiş Samit Baxşiyevin sözlərinə görə, xəstə olduğu üçün hər gün səhər hava almaqdan ötrü dəniz kənarına gedir: “Oktyabrın 17-də səhər-səhər Şirəli Axundov küçəsi ilə İcra Hakimiyyətinin binasına tərəf gedirdim. Fikrim telefonda olduğu üçün qarşıdan gələn və adını sonradan bildiyim İmanverdi Hüseynovla toqquşdum. Ondan üzr istədim. Amma o, yüksək tonla qışqıraraq dedi ki, korsan, yoluna bax. Fikrimin telefonda olduğunu və onu görmədiyimi bildirdim.

İmanverdi yenidən qışqırdı və nalayiq söyüşlər söyməyə başladı. Əhəmiyyət verməməyə çalışsam da, o, yumruq və təpiklə məni vurdu. Sonra da əlindəki sumkalardan birini başıma çırpdı, digərini isə sifətimə çəkərək boyun və üz nahiyələrimə xəsarətlər yetirdi. Üstümə gəlmək istədi, onu itələdim ki, aralansın. Bu zaman yerə yıxıldı.

Həmin vaxt oraya təxminən 30-35 adam toplaşmışdı. Yoldan keçən maşınların hərəkəti də dayanmışdı. “102"-yə zəng vurub hadisə barədə polisə məlumat verdim, polis şöbəsinə ərizə ilə müraciət etdim. Şöbəyə gedəndə gördüm ki, təqsirləndirilən şəxs məndən qabaq ora gəlib və guya onu vurmağım barədə şikayət edib.

Təqsirləndirilən şəxsi bağışlamıram və ondan şikayətçiyəm. İmanverdi Hüseynovun qanun çərçivəsində cəzalandırılmasını istəyirəm".

“Xəstəni tərpətmək olmazdı”

İmanverdi Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, cinayətin qurma olduğunu deyib: “Hamısını edən Lənkəran rayon icra başçısının birinci müavinidir. 2014-cü il sentyabrın 27-də məni həkim kimi birinci müavinin evinə çağırmışdılar. Ora çatanda gördüm ki, müavinin yeznəsi can verir. Onun ürək xəstəsi olduğunu biləndə, xəstəni yerindən tərpətməyin mümkün olmadığını söylədim. Ev sahibləri isə xəstəni təcili xəstəxanaya aparmaqda israr edirdilər. Yenidən həkim-kardioloq çağrılmasının vacibliyini bildirdim. Kardioloq gələnə qədər xəstə öldü. Elə güman edirlər ki, xəstənin ölümündə günahım var.

Mən Əflatun İsmayılovu və Samit Baxşiyevi ümumiyyətlə tanımamışam. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxsləri vurmamışam və söyməmişəm".

Dövlət ittihamçısı Ədalət Əzimov apelyasiya şikayətinin dəlillərini əsassız hesab edib. Apelyasiya şikayəti rədd olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər