14 Oktyabr 2015 01:50
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi nikahda olub, birlikdə yaşadığı hamilə qadını öldürməyə cəhd göstərən 1984-cü il təvəllüdlü Məhəmməd Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu ilin aprelində Suraxanı rayonu, Tağıyev küçəsində 31 yaşlı Məhəmməd Əliyev qeyri-rəsmi yaşadığı, 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib. Ailədaxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görə Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət endirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər xəstəxanasına çatdırıblar.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prosesdə ifadə verən Məhəmməd Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, Ayşən Gülüşovanı qorxutmaq məqsədi olub. O, hadisəni törətdiyi üçün peşman olduğunu deyib.

Zərərçəkən Ayşən Gülüşova təqsirləndirilən şəxsə qarşə heç bir şikayətinin olmadığını deyib. O, bildirib ki, Məhəmməd Əliyev ilə barışıb: “Biz onunla ayrılmışdıq. Hadisədən əvvəl bacım oğlu məktəbdən gəlmişdi. Ona yemək hazırlayırdım. Qaz birdən birə kəsildi. Qapıdan çölə çıxdım ki, bəlkə ümumi xətdən kəsilib. Bu zaman Məhəmməd orda idi. Qapını örtmək istədim. Amma o, buna imkan vermədi və içəri girdi. Mənimlə barışmaq istədiyini bildirdi. Onun barışıq təklifini rədd etdim. Ona dedim ki, səni istəmirəm, sən yoluna , mən öz yolumla gedirəm. Buna görə də qəzəbləndi”.

Zərərçəkmiş qeyd edib ki, Məhəmməd Əliyev bıçaq çıxararaq ona bir neçə zərbə vurub. Onun sözlərinə görə, hadisə bacısının 12 yaşlı oğlunun gözləri qarşısında baş verib.

Məhkəmə iclası oktyabrın 20-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər