15 Oktyabr 2015 08:34
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirdi

Şirvan Apelyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində ittiham olunan Saatlı rayon sakini Seymur Muxtarovun cinayət işi üzrə proses başa çatıb.

Teleqraf.com xəbər verir ki, ittihama görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 16 noyabr 2000-ci il tarixli hökmü ilə Seymur Muxtarov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirli bilinib, 8 il azadlıqdan məhrum edilib. Onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülməyib və ödənilməyib. Belə olan halda o, təkrarən tamah niyyəti və satış məqsədi ilə narkotik alveri etməyə başlayıb.

Seymur Muxtarov 2 sentyabr 2012-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndi ərazisindən keçən Baş Mil-Muğan kollektorunun sağ kənarında yabanı halda bitmiş narkotik vasitə olan 3 ətənə-kannabs kolunun hissələrini Saatlıdakı evinin həyətinə gətirib və tövlənin şifer örtüyünün üstündə 2012-ci ilin oktyabr ayının əvvəllərinədək kustar üsulla qurudub.

Bununla da o, 395,51 qram narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb. Həmin narkotiki idarə etdiyi “VAZ-2107” markalı avtomaşınının yük yerində ehtiyat təkərin içərisində gizlədib. Oktyabrın 3-dən oktyabrın 11-dək narkotik avtomaşında qalıb.

Daha sonra narkotik vasitəni 3 kibrit qutusunda müvafiq olaraq ayrı-ayrılıqda çəkilərdə yığıb. 5,51 qramını oktyabrın 11-də şərti alıcı Şahin Məmmədova 95 manata satıb. Bu zaman keçirilən əməliyyat nəticəsində Seymur Muxtarov həbs edilib və avtomaşın ilə birlikdə Saatlı rayon polis şöbəsinə gətirilib.

Seymur Muxtarov Cinayət Məcəlləsinin 234.4.2-ci (qanunsuz olaraq təkrar narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Muxtarov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Seymur Muxtarov apelyasiya şikayəti verib. O, işinə yenidən baxılmasını istəyib.
Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Seymur Muxtarov törətdiyi əməli səmimi etiraf etdiyini deyib. O, əməlinin Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsinə tövsüf edilməsini xahiş edib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Seymur Muxtarovun apelyasiya şikayəti təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Seymur Muxtarovun əməli Cinayət Məcəlləsinin 234,2-ci maddəsinə tövsüf edilib. Onun cəzası 5 ilə endirilib.

Hacı Zeynalov


Müəllif: