16 Oktyabr 2015 14:51
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində döyüşən Ramil Aslanov məhkəmə qərarından kasasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, Ramil Aslanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ramil Aslanovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə Ramil Aslanovun apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib.

Qərardan narazı qalan Ramil Aslanov Ali Məhkəməyə kassasiya şikayəti verib. O, şikayətində apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasını xahiş edib.

Ramil Aslanov kasasiya şikayəti verdiyi üçün apelyasiya instansiyasında məhkəmənin baxış iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb və cinayət işi üzrə materiallar araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Kasasiya şikayəti üzrə Ali Məhkəmədə qərar qəbul edildikdən sonra Ramil Aslanovun apelyasiya şikayətinə baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Aslanov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ramil Aslanov apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, Ramil Aslanov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 28, 283-1.3-cü və 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məhzəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq) maddələri ilə ittiham edilib.

İttihama görə, Ramil Aslanov 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrənib. Təlimlərdən sonra o, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak edib.

Hacı Zeynalov


Müəllif: