22 Oktyabr 2015 11:24
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə Elşən Xipiyevə 18 il 6 ay cəza təyin etdi, avtomobil idarə etməklə bağlı 2 il qadağa qoydu

Şəki Apelyasiya Məhkəməsində Balakən rayonunun Qullar kənd sakini, 1996-cı il təvəllüdlü Elşən Xipiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Elşən Xipiyev həmyerlisi Məhəmməd Xanpəriyevi bıçaqlayaraq öldürüb. Hadisə bu il fevralın 4-də baş verib.

Elşən Xipiyevlə Məhəmməd Xanpəriyevin arasında münaqişə hələ iki il əvvəl yaranıb. Ötən il dekabrın 9-da qonşuların mübahisəsi isə cinayətlə bitib. Buna görə də Məhəmməd Xanpəriyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Elşən Xipiyevi bıçaqla vurduğu üçün Məhəmməd Xanpəriyev Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham edilib və cinayət işi bu il fevralın 4-də Balakən rayon Məhkəməsində, hakim Rafiq Kazımovun sədrliyi ilə araşdırma başlayıb.

Elşən Xipiyev həmin gün qonşusu Məhəmməd Xanpəriyevlə məhkəmə zalında yenidən mübahisə edib. Elşən Məhəmməd tərəfindən bıçaqlanmasını özünə təhqir hesab edib.

Elşən Xipiyev əlverişli şərait yaranan kimi qisas almaq niyyəti ilə Məhəmməd Xanpəriyevi öldürmək qərarına gəlib. Həmin gün saat 17 radələrində hakim Rafiq Kazımovun xidməti iş otağında cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İclas zamanı Elşən Xipiyev cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınaraq hakimin yanına dəvət olunub.

O, Məhəmməd Xanpəriyevin sağ əlinin qandalla Balakən rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinin konvoyu Osman Məmmədovun sol əlinə bağlandığını görüb. Elşən Məhəmmədin köməksiz vəziyyətdə olmasından yararlanaraq onu zalda olan atası İlham Xanpəriyevin gözləri qarşısında öldürmək qərarına gəlib. O, qəflətən hücum edərək Məhəmməd Xanpəriyevi bıçaqla vurub. Məhəmməd aldığı xəsarətdən hakimin xidməti otağında dünyasını dəyişib.

Qeyd edək ki, Elşən Xipiyev qətl hadisəsindən əvvəl yol qəzası törətdiyi üçün Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham edilib və Balakən rayon Məhkəməsinin hökmü ilə 500 manat məbləğində cərimə olunub.

Elşən Xipiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Xipiyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin o, 500 manat cərimə edilib.

Hökmdən narazı qalan Elşən Xipiyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin Baş Prokurorluq tərəfindən də apelyasiya protesti verilib. Tərəflərin şikayəti hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada baxılıb.

Dövlət ittihamçısı Rəhim Xudiyev bildirib ki, Elşən Xipiyev Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib: “Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Balakən Rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli hökmü ilə Elşən Xipiyevin Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təyin edilmiş 500 manat cərimə cəzası hazırkı cəzaya tam və qismən birləşdirilməklə qəti olaraq ona 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 18 il 6 ay azadlıqdan məhrumetmə və 500 manat cərimə cəzası təyin edilib. Cəzanın ilk 2 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkəcək.

Hesab edirəm ki, hökmlərin məcmusu üzrə cəza təyini zamanı cinayət qanunu normasının düzgün tətbiqi üçün hökm dəyişdirilməlidir. Cinayət Məcəlləsinin 43.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə hüququndan məhrumetmə cəzası yalnız əlavə cəza kimi tətbiq edilir. Həmin məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

Elşən Xipiyevə təyin edilmiş əvvəlki cəza hazırkı hökmlə birləşdirilib. Halbuki Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göründüyü kimi, məhkəmə hazırki hökm üzrə Elşən Xipiyevə əlavə cəza təyin edilməməsinə baxmayaraq, əvvəlki hökmlə təyin edilmiş və çəkilməmiş 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə əlavə cəzasını hazırkı hökmlə qanunsuz olaraq qismən birləşdirməklə qəti olaraq cəzanın müddəti əsassız şəkildə 1 il müəyyən etməklə azaldılıb. Bununla məhkəmə Elşən Xipiyevə cəza təyin edərkən cinayət qanunvericiliyinin müddəalarını və Ali Məhkəmənin Plenumun tövsiyəsini nəzərə almayıb və Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələbləri pozulub.

Ona görə də hökmlərin məcmusu üzrə cəza təyini zamanı cinayət qanunu norması düzgün tətbiq edilməklə Elşən Xipiyev barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş edirik".

Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Xanpəriyev ç prokurorluğun protestinin təmin edilməsini istəyib.
Tərəfləri dinləyən hakim heyəti sonda prokurorluğun protestini təmin edib. Yeni hökmə əsasən, Elşən Xipiyevin barəsində təyin edilmiş Balakən Rayon Məhkəməsinin hökmü hazırkı hökmlə birləşdirilib. Onun üzərində qəti olaraq cəza 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 18 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzası saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər