23 Oktyabr 2015 18:52
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində qəsdən adam öldürmə, terrorçuluq, oğurluq və digər ağır cinayətlərdə ittiham olunan Qusar rayon sakinləri Radif Ağamuradov, Cavid Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elman Musayev, Bağır Azayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Dağıstandan silah-sursat gətiriblər

İttihama görə, Radif Ağamuradov Qusar şəhərində islam dininin "əhli sünnə vəl-cəmaə" adlandırılan vəhhabi təriqətinə aid dini baxışları ilə əlaqədar yaxın münasibətdə olduğu "Ömər" ləqəbli Faiq Şahmuradov, "Abu Hənifə" ləqəbli Ramiz Rəhimxanov, "Seyfullah" ləqəbli Edik Rüstəmov, Cavad Məhərov, Şamil Manafov, Tərlan Salmanov, Şamil Qadaşov, Osman Mustafayev və qeyriləri ilə birləşdiyi mütəşəkkil dəstədə islam dininin bəzi müddəalarını qəsdən yanlış ifadə verərək valyuta-dəyişmə və digər biznes sahələrində əldə edilən gəlirlərin guya haram olduğunu iddia etməklə, belə fəaliyyətlə məşğul olan ayrı-ayrı şəxslərə basqın edib, külli miqdarda əmlakı ələ keçirmək qərarına gəliblər.

Bu məqsədlə onlar 2013-cü ilin yanvar-fevral aylarında Rusiyanın Dağıstan Respublikasında istintaqa məlum olmayan mənbədən qanunsuz silah-sursat əldə edib və Yalama gömrük sərhədindən qatarla gizli keçirərək Qusar şəhərinə gətiriblər.

Dəstə üzvləri oktyabrın 19-dək Radif Ağamuradovun və Faiq Şahmuradovun yaşadığı evlərdə "AKSU" tipli avtomatı, "Makarov" və "Naqan" markalı tapançaları, "Vzor" markalı 3 tapança, müxtəlif çaplı 162 patron, "F-1" və "RQD-5" tipli 3 əl qumbarası və 2 soyuq silah saxlayıblar.

Faiq Şahmuradovun tərtib etdiyi plana əsasən Edik Rüstəmov oktyabrın 16-ı səhər saat 7 radələrində Məlikov küçəsi, 69 saylı evin yaxınlığında, valyuta-dəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə hücum edib və dəmir parçası ilə baş nahiyəsinə zərbələr vuraraq 6000 manat pulunu alıb. Sonra pulu Faiq Şahmuradova verib.

Həmin gün Edik Rüstəmov Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılarkən Edik Rüstəmov qarət edilmiş pulları meşədə gizlətdiyini bildirib və polis əməkdaşlarını aldadıb. O, imkan taparaq Faiq Şahmuradovla mobil telefon əlaqəsi saxlayıb, polis işçilərinə silahlı basqın edib, onların öldürülməsini razılaşdırıb.

Meşədə döyüş

Rayonun Həzrə və Aşağı Ləyər kəndləri arasındakı meşə massivində əvvəlcədən düzəltdikləri mağara tipli sığınacaqdan Faiq Şahmuradov, Radif Ağamuradov, Cavid Məhərov və Ramiz Rəhimxanov tapançalardan çoxsaylı atəşlər açmaqla polis əməkdaşı Qalib Quliyevi qətlə yetiriblər, digər üç polis əməkdaşını yaralayıblar.

Atışma zamanı polis əməkdaşı Ceyhun Osmanovun xidməti silahdan açdığı cavab atəşləri nəticəsində Edik Rüstəmov xəsarət alıb.

19-23 sentyabr tarixində Daxili İşlər Nazirliyi və Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrinə Faiq Şahmuradov və Ramiz Rəhimxanov meşə massivində silahlı müqavimət göstərərkən hər ikisi zərərsizləşdirilib, Edik Rüstəmov Qusar şəhərində sahibsiz evin həyətində təslim olmaq tələbinə tabe olmayıb, polislərə qumbara atıb, müqavimət göstərərkən öldürülüb, Cavad Məhərrəmov isə tutulub.

İstintaqın gedişatında məlum olub ki, Cavad Məhərrəmov, Şamil Manafov, Şamil Qadaşov və qeyriləri Faiq Şahmuradovun göstərişi ilə 2013-cü il avqustun 13-də maskalardan istifadə etməklə Qabil Həbibovun yaşadığı evin həyətinə qanunsuz daxil olmaqla axtarış aparıblar, "Hyundai" markalı avtomobilin salonundan 720 manat pul oğurlayıblar.

Dəstə üzvlərinə 103 il cəza

Bundan başqa, Faiq Şahmuradovun göstərişləri əsasında "Qayıbulaq" istirahət mərkəzinin direktoru Şövkət Abdurahmanovu onların dini təriqətinə mənsub şəxslərin baxışlarını bölüşmədiyinə görə cəzalandırmaq məqsədi ilə Cavid Məhərrəmov və Şamil Adaşovla birlikdə sentyabrın 4-də saat 21 radələrində zərərçəkənin yaşadığı evi qarət ediblər. Ümumilikdə 6100 manat məbləğində qızıl-zinət əşyalarını talayaraq, onları ayın 8-də Dərbənd şəhərində satıb, pulları banda üzvləri arasında bölüşdürüblər.

Murad İsayev banda üzvü Elxan İsrafilov və yetkinlik yaşına çatmayan, "Xəttab" dini ləqəbli 1998-ci il təvəllüdlü Bağır Azayevlə birlikdə dekabrın 26-da gecə saat 2 radələrində Qusar şəhərindəki "Avtohissələr" mağazasının qapısını sındıraraq içəri daxil olublar və piştaxtanın saxlanc yerindən Təsvir Camalova məxsus 3000 manat pulu oğurlayıblar.

Qeyd edək ki, Murad İsayev dekabrın 31-də tutularkən onun yaşadığı evdə 48 qram çəkidə marixuana aşkar edilib. İstintaq zamanı azyaşlı Bağır Azayevin dini vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öldükdə cənnətə gedəcəyi vədi ilə aldadıb mütəşəkkil dəstədə cinayətkar fəaliyyətə cəlb edildiyi məlum olub.

Bu il mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Radif Ağamuradov və daha beş nəfər 14, bir nəfər 13, bir nəfər 12, bir nəfər isə 9 il müddətinə azadlıqdan məhrum olunublar. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək işlərinə yenidən baxılmasını istəyiblər.
Dəstə üzvlərinin şikayəti hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Cinayətlərin törədilməsində iştirak etməmişəm"

Proses zamanı dəstə üzvləri Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayev və Radif Ağamuradov apelyasiya şikayətlərinə baxılmasından imtina ediblər. Digər təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə araşdırma aparılıb.

Elmar Musayev elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O, bildirib ki, 2013-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib, islam dininin "əhli sünnə vəl-cəmaə" adlanan təriqətinə etiqad edir, namaz qılaraq oruc tutub: "Faiq Şahmuradov, Ramiz Rəhimxanov və Edik Rüstəmovu tanımıram, onların nə işlə məşqul olduqlarını bilməmişəm. Həmçinin mənimlə birlikdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsləri də tanımamışam, Faiq, Ramiz və Edikin polis əməkdaşlarına qarşı silahlı basqın etdiklərindən xəbərim olmayıb.

17 oktyabr 2013-cü il tarixdə Rusiyaya getmişəm və oktyabrın 26-da Qusara qayıtmışam. Yaşadığım mənzildən aşkar edilən əl qumbarası və alışdırıcı mənə aid deyil. Polis əməkdaşı Firudin Kərimovu tanımıram və onu öldürmək üçün bomba hazırlanmasından xəbəri olmayıb. Heç bir cinayətin törədilməsində iştirak etməmişəm".

"Qumbaranı saxlamaq üçün mənə verib"

Digər təqsirləndirilən Cavad Məhərrəmov elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O, deyib ki, Radif Ağamuradovu uşaq vaxtlarından tanıyıb, Edik Rüstəmov, Faiq Şahmuradov və Ramiz Rəhimxanovu qiyabi tanıyıb: "Digər təqsirləndirilən şəxsləri isə tutulduqdan sonra tanımışam. Özümü ölüm və quldurluq cinayətlərində təqsirli bilmirəm. Bir dəfə Radiflə çayxanaya gedərkən orada Faiq Şahmuradov və Ramiz Rəhimxanovu görmüşəm. Onlar Edik Rüstəmov barəsində danışıb və Sadiri soyduğunu deyiblər.

Faiqgilin Radifə pul verməsini görməmişəm, onlarla dini söhbətlər etməmişəm və Suriyaya gedəcəklərini, həmçinin cinayət törədəcəklərini bilməmişəm. Qabil Həbibovun avtomobilindən oğurluq etməmişəm. Bu barədə yalnız istintaq zamanı bilmişəm.

Fərrux Sərdarov Dağıstan Respublikasından çantanın içərisində gətirdiyi avtomat, tapança və iki ədəd qumbaranı saxlamaq üçün mənə verib. Qorxduğum üçün həmin içərisində silah olan çantanı Radif Ağamuradova vermişəm və Fərrux Sərdarovun götürəcəyini demişəm. Fərrux Sərdarov Qusar rayonunda yaşadığım vaxtlarda mənimlə qəsəbə sakini kimi münasibəti olub".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ildən Dağıstanda bir neçə dəfə olsa da, oradan silah gətirməyib: "Dağıstana getməkdə məqsədim orada atamın birinci arvadından olan qardaşım ilə görüşmək və apardığım malları satmaq olub. Dağıstana maşınla, qatarla, bəzən isə piyada getmişəm. Faiq Şahmuradovun qrup yaratdığını bilməmişəm və həmin qrupun üzvü olmamışam".

Prosesdə çıxış edən dövlət ittihamçısı Teymur Əsədov təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin əsassız olduğunu bildirib. O, apelyasiya şikayətlərinin təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.


Cavid Məhərrəmovun vəkili Bilal Bağırov bildirib ki, hüquqlarını müdafiə etdiyi Cavid Məhərrəmovun əməli Cinayət Məcəlləsinin 228.3 və 228.4-cü maddələrdən 228.1-ci maddəyə tövsif olunmalı, məhkum olunduğu digər maddələrlə barəsində bəraət hökmü çıxarılmalıdır: "Cavid Məhərrəmov mütəşəkkil dəstənin üzvü olmayıb, ona həmin cinayətkar dəstənin fəaliyyətində hansı vəzifənin tapşırılması sübut olunmayıb. Cavad Məhərovun özgəsinin əmlakını ələ keçirmək üçün kimlərəsə hücum etməyib, hədə qorxu gəlməyib".

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər