Göyçay rayonunda yaşayış evinə basqın edən mütəşəkkil dəstənin daha bir üzvü həbs edilib.
Teleqraf.com xəbər verir ki, rayon sakini Fərzalı Hacıyevin yaşadığı evdən quldurluq yolu ilə 100 manat və qızıl əşyalar aparmış qrupun digər üzvü - Ağcabədi rayon sakini Ədalət Azadov dekabrın 7-də Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobili idarə edərkən müəyyən edilib.
Görülmüş tədbirlər nəticəsində saxlanılan Ədalət Azadov Göyçay Rayon Polis Şöbəsinə təhvil verilib. Avtomobillə baxış zamanı 8,5 qram marixuana da aşkar edilib.
Qeyd edək ki, Fərzalı Hacıyevin evinə girmiş 3 maskalı şəxs arvadı Rəxşəndəni və oğlu Fərhadı döyüb, bıçaqla hədələyib oradan 100 manat və qızıl əşyalar aparıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Bərdə rayon sakini Səxavət Mehdiyevin idarə etdiyi “Opel” markalı avtomobil Qobustan rayonu ərazisində YPXA-nın əməkdaşları tərəfindən saxlanılıb. S.Mehdiyev və sərnişini, Şərur rayon sakini Orxan İsmayılov Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların hadisəni Tərtər rayon sakini Emin Əliyev və Bakı şəhər sakini Eltac Şəmiyevlə birgə törətmələri müəyyən edilib.
Hacı Zeynalov