Bakı Apelyasiya Məhkəməsində narkotik və odlu silah gəzdirməkdə təqsirləndirilən Ceyhun Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu ilin yanvar ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ceyhun Baxışov yaxalanıb.
İttihama görə, Ceyhun Baxışov əvvəllər cinayətə meyilli şəxsləri ətrafına toplamaqla özünü cinayətkar aləmin “nüfuzlu şəxsi” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid edib, qanunsuz olaraq pul yığıb.
Ceyhun Baxışov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah gəzdirmə) və 234.4.1-ci (külli miqdarda narkotik vasitə əldə etmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Baxışov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ceyhun Baxışov apelyasiya şikayəti verərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ceyhun Baxışovun apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Ceyhun Baxışov kriminal avtoritet kimi tanınır.
Hacı Zeynalov