Quldurluqda ittiham olunan 1990-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Mustafa Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Mustafa Nəcəfov 17 iyul 2013-cü il tarixdə, saat 23.00-da "20 Yanvar" metrosu yaxınlığında Ramiz Ağazadənin taksi kimi idarə etdiyi "Chevrolet Aveo" markalı avtomobilinə minib, maşını Abşeron rayonunun Hökməli-Qobu yoluna sürdürüb.
Həmin yerə çatdıqda yumruqla Ramiz Ağazadənin sifətinə vurub, daha sonra üzərində gəzdirdiyi bıçaqla hücuma keçib. O, sürücüyə bıçaqla xəsarət yetirib. Daha sonra Ramiz Ağazadəni zorla avtomobilindən düşürüb. Taksi sürcüsünün 50 manat dəyərində "Nokia" markalı mobil telefonunu, üzərində olan 10 manat dəyərində "Azercell" telefon nömrəsini, pul qabında olan 50 manatını götürüb.
Həmçinin avtomobili də aparmaqla Ramiz Ağazadəyə 10830 manatlıq ziyan vurub.
Mustafa Nəcəfov Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə o, cəzasını ciddi rejimli müəssisədə çəkəcək.
Hökmdən narazı qalan Mustafa Nəcəfov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Şikayət araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
"Bıçaqla sürücünün üzündən vurdum"
Məhkəmədə ifadə verən Mustafa Nəcəfov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli sayıb. O, Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyib, deyib ki, Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilməlidir.
Mustafa Nəcəfovun sözlərinə görə, hadisə baş verən günü, saat 23-də "20 Yanvar" dairəsinə gəlib. Hökməli qəsəbəsində tikdirdiyi, təmiri yarımçıq qalan fərdi yaşayış evinə getmək istəyib: "Bu zaman metronun yaxınlığında dayanan "Chevrolet Aveo" markalı avtomobilin sürücüsünə yaxınlaşdım. Məni Hökməli-Qobu yoluna aparmağını xahiş etdim. Sürücü həmin yerə məni 6 manata aparmağa razılaşdı. Avtomobilin qabaq oturacağında əyləşdim və biz Hökməli qəsəbəsi istiqamətində getməyə başladıq.
Hökməli-Qobu yoluna çatanda sürücüyə 2 manat da artıq verəcəyimi bildirdim və məni bir qədər də irəliyə, Qobu-Güzdək yoluna aparmağı xahiş etdim. Sonra cibimdən 10 manat çıxararaq sürücüyə verdim. Bir qədər getdikdən sonra sürücüyə sola, torpaq yola dönməli olduğunu dedim. Həmin yolla təqribən 100 metr getdikdən sonra düşəcəyimi bildirdim.
100 metrdən sonra yol xarab olduğu üçün avtomobillə irəli gedə bilmədik. Sürücü avtomaşını geri döndərərək saxladı. Bu zaman heç bir söz demədən sürücünün ağzından yumruqla vurdum. Üzünü əli ilə tutduqda cibimdən açılıb-bağlanan bıçağı çıxardım. Bıçaqla sürücünün üz nahiyəsinə zərbə vurdum. Sürücü də mənə yumruq-təpik atdı".
"Sürücü yalvararaq onu vurmamağı xahiş etdi"
Təqsirləndirilən şəxs bildirib ki, avtomaşının içərisində biri-biri ilə dartışıblar: "Bıçaqla sürücünün bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirdim. Çəkişmə zamanı sürücü bıçağı əli ilə tutaraq, bədən xəsarəti yetirməyimin qarşısını almağa çalışdı. Yalvararaq onu vurmamağı xahiş etdi. Axırda sürücünün ayağına bıçaqla zərbə endirdim. Qapını açaraq onu yerə düşürdüm və telefonu verməsini tələb etdim. Sürücü "Nokia" markalı mobil telefonunu mənə verdi. Sürücünü həmin yerdə qoydum və avtomaşını sürərək yolla geri qayıtdım. Qayıdanda "Qobu" arkası adlanan yerin çıxacağındakı marketin qarşısında avtomobili saxladım. Oradan qazsız su aldım, əlimi və üzümü yudum. Daha sonra həmin avtomaşına minərək oradan uzaqlaşdım.
Bir qədər getdikdən sonra yolun sağ kənarında zibillik gördüm. Sürücünün pul qabını, mobil telefonu, avtomaşında olan bıçağı və hadisə zamanı istifadə etdiyim öz bıçağımı zibilliyə tulladım. Avtovağzalın yanında, yolun kənarında maşını təzədən saxladım. Avtomobilin dövlət qeydiyyat nömrəsindəki "6" rəqəminin altına qara vinil yapışdırdım, "6" rəqəmini "0" rəqəminə oxşatdım. Bundan sonra nömrə uzaqdan 90-VC-704 kimi oxundu.
Avtomaşını sürərək "NZS" adlanan qəsəbədə yaşayan bibim oğlu Adil Səfərovun həyətinə gəldim. Bibim oğluna avtomaşının müdirim Səfa adlı şəxsə məxsus olduğunu, sonuncunun Naxçıvan şəhərinə getdiyi üçün maşını mənə verdiyini bildirdim. Avtomaşını haradan və hansı yolla əldə etməyim barədə nə bibim oğlunun, nə də başqa şəxslərin məlumatı olmayıb".
"Polis əməkdaşları məni saxladı"
Mustafa Nəcəfov qeyd edib ki, avtomaşın iyulun 22-dək onda olub: "Bu müddətdə həmin avtomaşına dayım oğlu Elvin Məmmədov, əmim oğlu Səbuhi Nəcəfov və bibim oğlu Adil Səfərov miniblər. Onların da heç birinin həmin avtomaşının cinayət yolu ilə ələ keçirməyimdən məlumatları olmayıb".
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 22-də, səhər tezdən "NZS" qəsəbəsinə gedərkən avtomaşının qabaq hissəsindən səs gəldiyini eşidib: "Saxlayıb aşının altına baxdım. Avtomobilin qabaq sağ təkər hissəsinin qırıldığını gördüm. Maşını həmin yerdə, yolun kənarında qoydum, dövlət qeydiyyat nömrələrini çıxarıb yük yerinə atdım. Avtomaşının açarını isə qabaq şüşənin qarşısına qoyaraq oradan uzaqlaşdım. İyulun 30-da polis əməkdaşları məni saxladı və Abşeron Rayon Polis Şöbəsinə gətirdilər".
Mustafa Nəcəfov bildirib ki, hadisə zamanı sərxoş vəziyyətdə olub, onun Ramiz Ağazadəyə məxsus avtomobili mənimsəmək məqsədi olmayıb. Onun sözlərinə görə. niyyəti avtomaşını bir neçə gün sürüb və sonra bir yerdə atmaq olub.
Zərərçəkmiş Ramiz Ağazadə ifadəsində təqsirləndirilən şəxsin ifadəsinə uyğun danışıb. O, ifadəsinin sonunda təqsirləndirilən şəxsin vurduğu bıçaq zərbələrindən xəsarət aldığını, Mərkəzi Kliniki Xəstəxanada müalicə olunduğunu göstərib.
Ramiz Ağazadə təcili xəstəxanaya çatdırılmayacağı təqdirdə çoxlu qan itirmədən ölə biləcəyini deyib. O, bildirib ki, hadisədən sonra, yəni ibtidai istintaq zamanı avtomaşını yararsız halda geri qaytarılıb: "Lakin bir qədər sonra Mustafa Nəcəfovun qohumları tərəfindən avtomaşınımın təmir xərcləri çəkilib və Mustafa Nəcəfov mənimlə barışıq əldə edib. Buna görə də ona qarşı tələbim yoxdur. Mustafa Nəcəfovun qanuna müvafiq qaydada cəzalandırılmasını istəyirəm".
Hakim kollegiyası sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsi barədə qərar qəbul edib. Qərara görə, Mustafa Nəcəfov Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 185.3.3-cü (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham edilib.
Onun cəzasını 8 il 6 aya endirib və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul olunub.
Hacı Zeynalov