24 Dekabr 2015 15:35
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə günahlandırılan Vüsal Abdullayevin təkrar məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Vüsal Abdullayevlə əvvəllər rəsmi nikahda olan Gülnarə Abdullayeva ondan boşanıb. Vüsaldan ayrılandan sonra o, 2006-cı il təvəllüdlü Əsəd, 2009-cu il təvəllüdlü Sənan adlı övladları ilə birlikdə Şəki şəhərində məskunlaşan anasının evinə qayıdıb. Ərindən ayrılan qadın azyaşlı uşaqlarını Şəki şəhərindəki Uşaq Evinə verib. Vüsal Abdullayev həyat yoldaşının bu hərəkətindən qəzəblənib, buna görə arvadı ilə mübahisə edib.

Vüsal Abdullayev qisas almaq niyyəti ilə Gülnarəni öldürmək qərarına gəlib. O, 2013-cü il martın 21-də saat 21:40-da Şəki şəhəri “Gəncəli məhəlləsi” deyilən ərazidə Novruz Bayramı şənliyində iştirak edən Gülnarə Abdullayevanı görüb, yaşadığı evə qayıdıb, bıçaq götürərək şənlik olan məkana gəlib. Gülnarə Abdullayeva şənlikdən yarımçıq çıxaraq evə getmək istəyib.

Şəki şəhəri, M.Maqomayev küçəsində Vüsal Gülnarəni qarşılayıb. O, Gülnarədən övladlarını uşaq evinə verməsinin səbəbini soruşub. Onların arasında mübahisə düşüb. Vüsal Abdullayev keçmiş həyat yoldaşının qarın nahiyəsinə çoxsaylı zərbələr vurub.

Gülnarə səs-küy salıb, özünü müdafiə etmək üçün köməyə adam çağırıb. Bu səbəbdən o, zərbələrini dayandıraraq hadisə yerindən qaçıb. Qadın hadisə şahidlərinin köməyi ilə xəstəxanaya aparılıb. Vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

Vüsal Abdullayev Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırma zamanı Vüsal Abdullayevin anlaqlı olub-olmaması yoxlanılıb. Məhkəmənin qərarı ilə o, Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya xəstəxanasına göndərilib.

Vüsal Abdullayevin cəzalandırılması məqsədilə Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluğun protestinə bir müddət əvvəl Şəki Apelyasiya Məhkəməsində baxılıb və şikayət təmin edilməyib. Bundan sonra prokurorluq kasasiya şikayəti verib. Ali Məhkəmədə işə baxan hakimlər cinayət işinin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər və cinayət işinin materialları Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir müddət əvvəl hakim Kamil Rəhimovun sədrliyi ilə keçən prosesdə müəyyən olunub ki, Şəki Ağır Cinayətlər Məhkəməsində işə baxan hakimlər prokurorun Vüsal Abdullayev barəsində təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertiza təyin olunması haqqında vəsatətini təmin etməyiblər. Bu səbəbdən prosesdə çıxış edən prokuror Vidadi Cabbarov eyni vəsatətlə çıxış edib.

Prokuror komisyon qaydada təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsini və ekspertizanın Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə həvalə edilməsini istəyib. O, həmçinin ekspertiza qarşısında Vüsal Abdullayevin hər hansı psixi xəstəlikdən əziyyət çəkməsi və digər faktların müəyyən edilməsi üçün ümumilikdə 4 sual qoyub. Amma ekspertlər yenə də Vüsal Abdullayevin anlaqsız olması barədə rəy veriblər.

Hakim Kamil Rəhimovun sədrliyi ilə keçirilən prosesdə rəy elan olunduqda sonra prokuror yenə də narazı qalıb. Dövlət ittihamçısı Vidadi Cabbarov bu dəfə ümumi tipli psixatriya stasionarında məcburi müalicə tətbiq edilməsi barədə Şəki Ağır Cinayətlər Məhkəməsinin 8 iyul 2014-cü il tarixli qərarı ləğv edilməsini və cinаyət işinin birinci instаnsiyа məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi barədə vəsatət verib.

Hakim kollegiyası prokurorun vəsatətini təmin edib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər