Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Cəlal Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə bu ilin aprel ayının 20-də Suraxanı rayonu Bülbülə qəsəbəsində baş verib. Həyat yoldaşı Cəlal Sadıqovla mübahisə edən 52 yaşlı Tovuz rayon sakini Tamara Sadıqova oğlunun evinə gedib. Daha sonra 66 yaşlı Cəlal Sadıqov onu bıçaqlayıb.
Xəstəxanaya çatdırılan Tamara Sadıqovanın həyatını xilas etmək mümükün olub. Hadisə yerindən qaçan Cəlal Sadıqov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Cəlal Sadıqov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov